Sənətkarın düşüncə süzgəcindən keçən rolları məzmunlu, məntiqli olanda əbədilik qazanır, peşəkar təqdimatlarda yaddaşlara yazılır. Görkəmli aktyor, Azərbaycanın və SSRİ-nin Xalq artisti İsmayıl Osmanlının (1902-1978) Azərbaycan kinosunda yaratdığı personajları da üslub və məzmununa görə seçilir, yadda qalır, xatırlanır. Uzun illər çalışdığı Akademik Dram Teatrının səhnəsində geniş tamaşaçı rəğbəti qazanan sənətkar “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan filmlərdə oynadığı (Rza bəy – “O olmasın, bu olsun”, Məmmədəli – “Dəli Kür”, Şirəli – “Əsl dost”, Şahbazov – “İyirmialtılar”, Kərim baba – “Torpaq. Dəniz. Od. Səma”, dərzi Yusif – “Yenilməz batalyon”, Şərif – “Mən ki gözəl deyildim”, Kələntər – “Yeddi oğul istərəm”, Fəzlullah Nəimi – “Nəsimi” və s.) ekran obrazlarının təfsirində də istedad və bacarığını təsdiqləyib, filmlərin təsir gücünü, baxımlılığını artırıb. 

“Kəndlilər” (1939) filmində debüt (müsavatçı) edən İsmayıl Osmanlı ümumilikdə 20-yə yaxın filmdə irili-xırdalı personajlara ekran həyatı verib. Görkəmli aktyorun anadan olmasının 120 illiyində sənət dünyasına, kino yaradıcılığına qısa nəzər salırıq.

Teatrda əsasən dram, faciə janrında xarakterik rollarla yanaşı, komediyalarda da çıxış edən İsmayıl Osmanlı filmlərdə də obrazların fərdi xüsusiyyətlərini də yüksək sənətkarlıqla yaradaraq, koloritli qəhrəmanları ilə Azərbaycan kinosunun simalarından birinə çevrilib.

Yaddaqalan rollar yaradıcılıq abidəsidir. Kinoda daha çox müsbət xarakterli rollar oynayan İsmayıl Osmanlı personajların həyat mövqeyindən çıxış edərək səmimi, mülayim xüsusiyyətlərin həyat üçün vacib şərt olduğunu incə nüanslarla, özünəməxsus ştrixlərlə göstərib.

 

“Bu rolu İsmayıl Osmanlı üçün işləmişəm, o da çəkiləcək”

 

Əməkdar incəsənət xadimi, kinorejissor Tofiq Məmmədovun yaxın keçmişi əks etdirən xatirələri İsmayıl Osmanlı şəxsiyyətini bizə bir daha tanıdır, sənətə olan münasibətini anladır: “İsmayıl Osmanlı ilə ilk tanışlığım “Ulduzlar sönmür” filmində oldu. 1969-cu ildə görkəmli sənətkar Adil İsgəndərov məni “Mosfilm” Kinostudiyasına, kinorejissor Əjdər İbrahimovun yanında işləməyə, daha doğrusu, yaradıcılıq təcrübəsi keçməyə göndərdi. Moskvaya gedib Əjdər müəllimlə işləməyə başladım. Həmin vaxt “Ulduzlar sönmür” filminin çəkilişlərinə hazırlıq dövrü başlamışdı, aktyor heyəti cəlb olunurdu. Mən ssenari ilə tanış idim. Əjdər müəllim mənə dedi ki, Hacı Zeynalabdin Tağıyev roluna başqa aktyor çağırmağa ehtiyac yoxdur. Mən bu rolu İsmayıl Osmanlı üçün işləmişəm, o da çəkiləcək. Zəng et, Moskvaya gəlsin, Tağıyev roluna onu çəkəcəyik. İsmayıl müəllimə zəng edib vəziyyəti ona bildirdim. Gələndə də aeroportda qarşıladım və “Mosfilm”ə apardım. Əjdər müəllimlə görüşüb xeyli söhbət etdilər. Sonra da ona aid olan paltarların tikilməsi üçün ölçülərini götürdülər. 

Film Nəriman Nərimanovun həyatından, ictimai-siyasi fəaliyyətindən bəhs edir. Əjdər İbrahimov filmin çəkilişlərinə həvəslə hazırlaşsa da, həmin illərdə Şaumyanın oğlu SSRİ Elmlər Akademiyasında işləyirdi. O, filmin çəkilməsinə çox maneələr törədirdi. Buna görə də Əjdər müəllim filmin ərsəyə gəlməsi üçün bir çox çətinliklərlə qarşılaşmalı olurdu.

Adil İsgəndərov bir gün mənə zəng edib kinostudiyaya qayıtmalı olduğumu bildirdi. Əjdər İbrahimovun yanında altı ay təcrübə keçdikdən sonra Bakıya qayıtdım. Həmin vaxtlarda “Yeddi oğul istərəm” filmi istehsalata buraxılırdı. Məni həmin filmdə ikinci rejissor təyin etdilər. Filmin hazırlıq dövründə İsmayıl Osmanlı ilə ikinci dəfə qarşılaşdım. Filmin ssenarisi üzərində işləyəndə rəhmətlik Yusif Səmədoğlu bildirdi ki, hansı aktyorları seçirsiniz seçin, amma Kələntər rolu üçün İsmayıl Osmanlını nəzərdə tutmuşam. Bu rolda mütləq İsmayıl müəllim çəkilməlidir...”.  

 

“Hələ belə qəddar rol oynamamışdım”

 

Tofiq Məmmədov xatirələrində qeyd edir ki, İsmayıl Osmanlının Azərbaycan kinosunda müxtəlif xarakterli, koloritli rolları olsa da, Kələntər obrazını isə o, tamam başqa xarakterdə, mizanda təqdim edib: “Onun filmdə işlətdiyi sözlər, replikalar insanların dilində əzbər olmuşdu. Bəzən indi də həmin ifadələrdən onu yamsılayaraq istifadə edirlər. Kələntər rolunu o qədər dəqiqliklə oynamışdı ki, filmdən sonra da onu qəddar insan kimi tanıyırdılar. Elə zəif, cılız bədəndəki kini, küdurəti, qəddarlığı orijinal ifada, yaddaqalan tərzdə yaratmışdı. İsmayıl müəllim həmişə deyirdi ki, camaatın arasına çıxa bilmirəm. Mən hələ belə qəddar rol oynamamışdım.

Çox mehriban və səmimi insan idi. Kinostudiyaya gələndə hamıya xoş münasibət göstərirdi. Sənət münaqişələrindən kanar idi. Danışanda gülümsəyirdi və Şəki bölgəsinə məxsus olan şirin ləhcəsini qoruyub saxlamışdı...”.

Filmin uğurunun 90 faizi aktyor oyununa bağlıdır. Bu mənada “Yeddi oğul istərəm” filminin yaradıcı heyətinin peşəkarlığı ekran əsərinin taleyinə işıq saldı. İsmayıl Osmanlının filmdə oynadığı Kələntər obrazının təfsirində zahirən sadə, təmkinli görünən, əslində isə daxilən amansız, qəddar prototipin fitnə-fəsadı fonunda dövrün qurbanlarının aqibətini izləyirik.           

Səhnə, sənət üçün ən vacib amil realist yaradıcılıq, hadisələrin mahiyyətini inandırıcı təqdim etməkdir. İstedad və bacarığı fonunda sənət səviyyəsini ucaldan İsmayıl Osmanlı yaradıcılığı da çoxsaylı sənətsevərlər tərəfindən həmişə böyük rəğbət, dərin hörmət hissi ilə qarşılanıb.  

Görkəmli kinorejissorlardan Tofiq Tağızadə, Əjdər İbrahimov, Hüseyn Seyidzadə və digərlərinin məşhur filmlərində İsmayıl Osmanlı yaradıcılığı təkrarən yer alıb. Rejissorlar aktyor seçimində doğru qərar verməklə filmin nailiyyətinə imza atıblar. İsmayıl Osmanlı yalnız öz ifası ilə yox, peşəkar tərəf-müqabil olaraq sənət tərəfdaşlarına böyük stimul verməklə ekran əsərlərinin gerçəkliyinə zəmin yaradıb, filmlərin uğuruna uğur qatıb. 

 

Heç kimə oxşamırdı

 

Sənətkarın sənət uğurunun sirrini Xalq artisti Xalidə Quliyevanın söhbətlərində də dinləyək: “İsmayıl Osmanlı ilə iki filmdə tərəf-müqabil olmuşam. Hər ikisində də atamı oynayıb. Birincisi Muxtar Dadaşovun quruluş verdiyi “Bakıda küləklər əsir” filmində Əlibala rolunda, ikincisi isə Həsən Seyidbəylinin “Nəsimi” filmində Nəimi obrazında. Onu digərlərindən fərqləndirən cəhətlərindən birincisi və mühümü odur ki, onunla söhbət edəndə elə bilirdin çoxdan tanıdığın doğmandır, tanışındır. Heç kimə oxşamırdı. Hərdən özünə qapanmağı da var idi. Bəzən sənət adamları toplaşıb söhbət edir, müzakirə aparırdılar. O isə bir kənara çəkilib sakit dayanırdı. Maraqlı diksiyası var idi. Həmişə pıçıltı ilə danışırdı. Amma rolun mətnini o qədər inandırıcı ifa edirdi ki, düşünürdün ki, bu obraz ancaq belə olmalı idi, başqa cür ola bilməz. Zəif səs tembri ilə rolun qəzəbini də, sevincini də real şəkildə göstərirdi. Bir dəfə də olsun ifasında pafosa, patetikaya yol vermədi. Hansı xarakterli rol versəydilər mütləq baxımlı edirdi. Sadə və təvazökar insan idi.

“Bakıda küləklər əsir” filmində belə bir kadr var idi ki, mən ön cəbhəyə yola düşəndə atamla vidalaşıram. Bu səhnə çəkiləndə İsmayıl Osmanlını qucaqladım və hiss etdim ki, o, həqiqətən də, ağlayır. Birdən hönkürməyə başladı. O, obrazla öz arasında heç bir məsafə qoymadan tamamilə özününküləşdirmişdi. Təəssüf edirəm ki, həmin kadr yanmışdı və həmin səhnə növbəti dəfə bir qədər dəyişik çəkildi.

Onu bir qədər atama da bənzədirdim. Rolda olsa belə qaçıb onu qucaqlamaq istəyirdim.  “Nəsimi” filmində Nəiminin edam səhnəsi çəkilirdi. Kinoda yeni olduğum üçün təcrübəm çox deyildi. Həyəcanlı olurdum, bəzən ehtiyatlanırdım. Fasilə vaxtı İsmayıl Osmanlıya yaxınlaşdım. Çəkilişdən, rollarımızdan danışdıq. Söhbət əsnasında narahatlığımı bildirdim və əlavə etdim ki, ata, ehtiyatlı olun birdən ipi bərk çəkərlər, sizə ziyanı dəyə bilər. Cavabında mənə “Fatimə, qorxma, mən gedirəm, ruhum sizinlədir...” dedi. O, hətta fasilə zamanı da obrazdan çıxmamışdı. Mənə Xalidə yox, Fatimə deyə müraciət etmişdi. Həmin illəri tez-tez xatırlayıram və fəxarət hissi keçirirəm. Sevinirəm ki, mənə belə böyük sənətkarla bir filmdə çəkilmək nəsib olub...”.

Şəhla Əmirli
kinoşünas