Sentyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xəzər rayonundakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində aparılan tikinti-quruculuq işləri ilə tanış olmuş, Əntiq Əşyalar Muzeyinin açılışında iştirak etmişlər.
   
   Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir. Azərbaycan tarixinin, mədəniyyətinin, xalqımızın adət-ənənələrinin yaşadılmasında, gələcək nəsillərə ötürülməsində mühüm rolu olan qoruğun ərazisində son vaxtlarda aparılan tikinti-quruculuq işləri bu məkanın əhəmiyyətini daha da artırmışdır.
   Dövlət başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən pilot ərazi kimi Qala qəsəbəsində “Təmiz Qala” layihəsinin icrasına başlanılmışdır. Layihənin məqsədi qəsəbə ərazisində tullantıların yığılması, daşınması və təkrar emalı proseslərini müasir standartlara uyğun təşkil etməkdir. Əraziyə su xətti çəkilmiş, 15 bulaq istifadəyə verilmişdir.
   
   Qala İnformasiya Mərkəzi turistlərin xidmətindədir
   
   Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva əvvəlcə Qala İnformasiya Mərkəzi ilə tanış oldular. Məlumat verildi ki, mərkəz vasitəsilə turistlər, qonaqlar qoruq ərazisindəki muzeylər barədə ətraflı məlumat əldə edə, elektroavtobuslar və velosipedlər icarəyə götürə bilərlər. Qoruğun ətrafı abadlaşdırılmış, ərazidə 170 min ağac və bəzək kolu əkilmişdir.
   Sonra dövlət başçısı və xanımı elektroavtobusla Qala parkının ərazisini gəzdilər, görülmüş işlərlə tanış oldular, parkın əvvəlki görünüşünü əks etdirən stendə baxdılar, Qala parkında ağac əkdilər. Buradakı göl və onun ətrafındakı 24,2 hektar ərazi tullantılardan təmizlənərək abadlaşdırılmış, ərazinin ekoloji vəziyyətində mühüm dəyişikliyə nail olunmuşdur. Ərazinin işıqlandırılmasında günəş batareyalarından geniş istifadə edilmişdir. Parkda yaşıllaşdırma işləri aparılmış, uşaqların maraqlı istirahəti üçün əyləncə meydançası istifadəyə verilmişdir.
   Ərazidə yerləşən XII-XIV əsrə aid Qum hamamı isə tarixi-məişət abidəsidir. Qum hamamında qədim zamanlarda su, qaz və kanalizasiya sistemlərindən istifadə olunmuşdur. Bu, xalqımızın qədim məişət mədəniyyətindən xəbər verir.
   
   Etno-Ekoloji Mərkəzdə xalqımızın mədəni irsi təbliğ olunur

   
   Buradakı Etno-Ekoloji Mərkəzdə isə uşaqlar və gənclər üçün hər cür şərait yaradılmışdır. Qeyd olundu ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ötən il keçirilmiş Qala festivalına Bakının müxtəlif orta və internat məktəblərindən, uşaq evlərindən 2500 uşaq qatılmışdı. Festivalda toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini yaşadan sənətkarların əl işləri nümayiş etdirilmişdi. Festival çərçivəsində uşaqlar üçün ustad dərsləri təşkil olunmuş, gənc nəslin nümayəndələrinə qədim məişət və etnoqrafik ənənələrimizlə yaxından tanış olmaq imkanı yaradılmışdı. Festivalın çox maraqla qarşılanması, layihəyə göstərilən diqqət Qalada Etno-Ekoloji Mərkəzin yaradılması ideyasına təkan vermişdir.
   Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Etno-Ekoloji Mərkəzdə uşaqların istirahəti, onların xalqımızın qədim tarixini, mədəniyyətini dərindən öyrənməsi, qədim el sənətlərinin müxtəlif növlərinə yiyələnməsi, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var.
   
   Qala abidə kompleksi qədim tariximizin nişanəsidir

   
   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qoruq ərazisində X-XIV əsrlərə aid Qala abidə kompleksi ilə də tanış oldular. Bildirildi ki, elmi, tarixi, bədii əhəmiyyət daşıyan bütün tarixi və mədəniyyət abidələrinin qorunması, eləcə də Abşeron yarımadasında aşkar edilən digər arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədilə Qala qəsəbəsində son illərdə genişmiqyaslı layihə həyata keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparmışdır. Qazıntılar nəticəsində e.ə. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilmişdir. Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir Qala abidə kompleksində nümayiş etdirilir. Buradakı qayaların üzərində əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunmuşdur.
   Kompleksə daxil olan X-XIV əsrə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə istifadə olunmuş X-XIV əsrə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq qalıqları, keramika nümunələri sərgilənir. Burada həmçinin Zirə yaşayış məskənində tapılan e.ə. III-II minilliyə aid qayaüstü rəsmlər nümayiş etdirilir.
   
   Əntiq Əşyalar Muzeyi
   
   Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoruq ərazisində Qala Əntiq Əşyalar Muzeyi yaradılmışdır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin rəmzi açılışını bildirən lenti kəsdilər.
   Muzeyin təməli ötən ilin iyununda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə qoyulmuşdur. Fondun təşəbbüsü və dəstəyi ilə inşa olunan muzey Şahid Həbibullayevin şəxsi kolleksiyası əsasında yaradılmışdır. Uzun illər ərzində yığılan zəngin kolleksiya hazırda üç minədək maddi mədəniyyət nümunəsini əhatə edir. Kolleksiyanın əsasını təşkil edən Azərbaycan sənətkarlarının yaratdığı əntiq əşyalar dəfələrlə beynəlxalq sərgilərdə, o cümlədən Paris, London, Vaşinqton, Berlin, Moskva, Qahirə, Rabat, Bişkek, Daşkənd və digər şəhərlərdə nümayiş etdirilmişdir.
   Muzeydə bu nadir toplunun 800 eksponatı nümayiş olunur. Üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri, üçüncü mərtəbədə isə respublikanın müxtəlif bölgələrindən toplanmış, ABŞ, Almaniya, Avstriya, Rusiya, Fransa, İngiltərə, Belçika, İran, Özbəkistan, Polşa, Türkiyə və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir.
   Dövlət başçısı və Heydər Əliyev Fondunun prezidenti burada nümayiş etdirilən mis məişət əşyaları ilə tanış oldular. Bildirildi ki, muzeyin ekspozisiyasını tutumu yarım litrdən 90 litrə qədər olan 156 samovar zənginləşdirir. Əksəriyyəti Rusiyanın Tula, Moskva, Sankt-Peterburq, Ural və digər şəhərlərindən gətirilən XVIII-XIX əsrlərə aid samovarların bir qismi Polşa, İran, Avstriya, ABŞ və başqa ölkələrdə istehsal olunmuşdur.
   Məlumat verildi ki, burada Azərbaycan samovarları da nümayiş etdirilir. Yaşı 3 min 700 il olan ən qədim Azərbaycan samovarı Şəkidə tapılmışdır. Bu, iki min il yaşı olan Misir samovarından daha qədimdir. Ekspozisiyada qədim kişi və qadın kəmərləri, sinəbənd və bilərziklər, silahlar, o cümlədən təbərzinlər və xəncərlər yer almışdır. Muzeyin diqqəti cəlb edən eksponatlarından olan fayton Lüdviq Nobelin maşınqayırma zavodunda yığılmış, Şəkidə qorunub saxlanmışdır. Burada həmçinin Şəki və Şirvan xanlıqları dövrünə aid pullar nümayiş etdirilir. Muzeydə müxtəlif məişət əşyaları - ütü, maşa, sini, masaüstü lampalar və tərəzilər də var. Binanın birinci mərtəbəsində konfrans zalı, inzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası fəaliyyət göstərir. Aşkar olunan qədim əşyalar emalatxanada bərpa edilir.
   Dövlət başçısı və xanımı orijinal üslubda inşa edilmiş karvansara-restoran ilə də tanış oldular. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilmiş karvansara-restoranda turistlər Azərbaycan mətbəxinin ləziz nemətləri ilə tanış olacaqlar. Çoxsaylı turist axını nəzərə alınaraq inşa edilmiş restoranın birinci mərtəbəsi kafe, ikinci mərtəbəsi isə restoran kimi fəaliyyət göstərəcək.
   Qoruq ərazisində quyu və ovdanlar bərpa olunmuş, 35 min kvadratmetr sahədə avtomobil dayanacağı, elektromobillər üçün qaraj tikilmişdir. Qəsəbədaxili əsas yollara asfalt salınmış, işıqlandırma dirəkləri quraşdırılmış, qaz və su təchizatını yaxşılaşdırmaq məqsədilə borular çəkilmiş, kompleksin ətrafındakı meydan yenidən qurulmuşdur. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.