“Barokko günləri” festivalında daha bir konsert

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-26 aprel tarixində Bakıda keçirilən “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı Azərbaycan, İtaliya, Türkiyə, Ukrayna və Gürcüstandan ifaçıları bir araya gətirmişdi.

Festival çərçivəsində növbəti konsert proqramı aprelin 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında gerçəkləşdi.

“Şərqlə Qərbin ahəngində” adlı musiqi axşamında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak edirdilər.

Konsertdə “D`accordo” barokko ansamblı (bədii rəhbər və klavesin ifaçısı – Əməkdar artist İlahə Sadıqzadə) çıxış etdi.

M.Pretoriusun “Bransl de la Torş” əsəri ilə başlayan proqram J.B.Lüllinin “Skaramuş çakonası” əsəri ilə davam etdi. L.Bokkeini  G.Hendel, A.Korelli, A.Skarlatti və digər bəstəkarların əsərləri musiqi axşamına əlavə rəng qatdı.

Türkiyəli musiqiçi Hande Cangöçgenin (arklüt) ifasında M.Lambetin “Ma bergere est tendre et fidelle” əsəri də konsertin yaddaqalan nömrələrindən oldu.

Proqramın digər musiqili qonaqları – türkiyəli musiqiçi Kaan Buldular (kontratenor), Əməkdar artistlər Fəridə Məmmədova (soprano), Nicat Salmanov (fleyta) və italiyalı sənətçi Stefano Demikelinin (klavesin) ifaları da alqışlarla qarşılandı. Konsertə G.de Maşonun “Douce dame jolie” əsəri ilə yekun vuruldu.

Bildirək ki, Qərbi Avropada klassik musiqinin XVI əsrin sonu – XVIII əsrin birinci yarısında inkişaf dövrünü “Barokko musiqisi” (barokko – italyanca “təmtəraqlı”, “qəribə” mənalarını verir) adlandırırlar. Barokko təxminən 150 il ərzində (Y.S.Baxın vəfat etdiyi 1750-ci ilədək) musiqidə müxtəlif bəstəkarlıq üslub və axtarışlarının mövcud olduğu dövrdür. Bundan sonra Avropada klassik (akademik) musiqi tam təşəkkül tapıb.

Nurəddin