Zamanın səhifələrində qalan olaylar, faktlar...
315 il əvvəl...
1 may 1707-ci ildə Şotlandiya ilə İngiltərənin birləşməsinə dair “İttifaq aktı” bağlanıb. İngiltərə XIII əsrdən Şotlandiyanı özünə birləşdirmək uğrunda müharibələr aparsa da, 4 əsr sonra buna nail ola bilmişdi. Bu da XVII əsrdə İngiltərə taxt-tacında şotland əsilli Stüartların əyləşməsindən sonra mümkün olmuşdu.
233 il əvvəl...
30 aprel 1789-cu ildə ABŞ-da prezidentlik institutu fəaliyyətə başlayıb, 1-ci prezident Corc Vaşinqtonun inauqurasiya mərasimi keçirilib. O vaxt ABŞ-ın paytaxtı Nyu-York şəhəri idi və prezidentin iqamətgahı da burada yerləşirdi.
154 il əvvəl...
2 may 1868-ci ildə çar Rusiyasının işğalçı qoşunları Səmərqəndə daxil olublar. Bölgəyə nəzarət edən Buxara xanı Səmərqəndi Rusiyaya güzəştə getdi, indiki Özbəkistanın bir hissəsi Rusiya imperiyasına birləşdirildi.
133 il əvvəl...
1 may 1889-cu ildə Parisdə II İnternasionalın konqresində 1 mayın “Dünya zəhmətkeşlərinin həmrəyliyi günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Qərar 1886-cı ilin mayında ABŞ-ın Çikaqo şəhərində 8 saatlıq iş günü tələbi ilə etiraz aksiyası keçirən və buna görə gülləbaran edilən fəhlələrin xatirəsinə həsr olunmuşdu. İlk dəfə 1 may 1890-cı ildə ABŞ-da və Avropanın bir sıra ölkəsində, bir il sonra Rusiyada qeyd olunub.
122 il əvvəl...
30 aprel 1900-cu ildə ABŞ Havay adalarını işğal edib. Sakit okeandakı (Avstraliya yaxınlığında) Havay arxipelaqına 24 ada daxildir.
104 il əvvəl...
29 aprel 1918-ci ildə erməni-daşnak dəstələri Gümrü şəhəri yaxınlığında azərbaycanlı türklərə qarşı kütləvi qırğın törədiblər. Əksəriyyəti qadın və uşaqlar olmaqla yüzlərlə insan qətlə yetirilib.
1 may 1918-ci ildə “Bakı Komissarları Soveti”nin qoşunları Qubaya hücum ediblər. Daşnak Amazaspın başçılıq etdiyi dəstələr şəhərdə və ətraf kəndlərdə qırğınlara başlayıblar. Quba bölgəsində ümumilikdə 3 minədək insan qətlə yetirilmişdi.
77 il əvvəl...
30 aprel 1945-ci ildə İkinci Dünya müharibəsində alman faşizminə qarşı son döyüş – Reyxstaqa hücum başlayıb. Adolf Hitler bir gün öncə rəsmi nikaha girdiyi Yeva Braunla intihar edib və iflas etmiş Almaniyanın idarəçiliyini admiral Dyonisin başçılığı ilə müvəqqəti hökumətə vəsiyyət edib.
47 il əvvəl...
30 aprel 1975-ci ildə Cənubi Vyetnam Amerika işğalından qurtulub və ölkənin şimalı ilə birləşib. 1965-ci ildə ABŞ Cənubi Vyetnama hərbi kontingent yeritmişdi. 1973-cü ildə Amerika qoşunlarının Cənubi Vyetnamdan çıxarılması barədə Parisdə müqavilə imzalandı. 1975-ci ilin aprelində ABŞ-ın sonuncu hərbi dəstəsi Cənubi Vyetnamı tərk etdi. 30 aprel Vyetnamda dövlət bayramı – Qələbə Günü kimi qeyd olunur.
Hazırladı: V.Orxan