Fransanın Strasburq Universitetində “Nizami Gəncəvi və Azərbaycan ədəbiyyatı” mövzusunda elmi-praktik konfrans keçirilib. Strasburq Universiteti Türk Araşdırmaları Departamentinin təşkilatçılığı və Azərbaycanın Avropa Şurası (AŞPA) yanında Daimi nümayəndəliyinin dəstəyi ilə gerçəkləşən konfransda akademik Rafael Hüseynov “Nizami Gəncəvinin Azərbaycan və dünya ədəbi-mədəni fikrində yeri” adlı məruzə ilə çıxış edib.
Akademik qeyd edib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin şəxsiyyətinə və irsinə bütün dünyada maraq getdikcə artmaqdadır. Azərbaycan Prezidentinin sərəncamı ilə 2021-ci ilin “Nizami İli” elan edilməsi nizamişünaslıqda yeni inkişaf mərhələsinə təkan verib. Nizami Gəncəvi ilə bağlı müxtəlif dillərdə işıq üzü görən yeni nəşrlər, dünyanın müxtəlif ölkələrində təşkil edilən konfrans və simpoziumlar da bunun əyani göstəricisidir.
Rafael Hüseynov deyib: “Orta əsrlərdən dövrümüzə qədər tərtib edilmiş və sayı səkkiz yüzü aşan fars və türkdilli təzkirələrə ümumi baxış onu göstərir ki, klassik ədəbiyyatla bağlı məlumatlarımızın başlıca, ayrı-ayrı şəxsiyyətlərə münasibətdə isə bəzən yeganə qaynağı olan bu toplularda adı ən çox və sabit olaraq təkrarlanan şair Nizami Gəncəvidir...”.
Akademik bildirib ki, Orta əsrlərdə Nizamiyə nəzirə yazmaq sanballı şairlər zümrəsinə qatıla bilmək üçün imtahan sayılırdı və bu yoxlamadan uğurla keçənlər böyük ədəbiyyata vəsiqə qazanmış kimi olurdular.
Hələ şairin sağlığında əsərlərinin sərhədlər aşdığını, o dövrkü müsəlman Şərqi mədəni mühitinin diqqət mərkəzində dayandığını bildirən akademik qeyd edib ki, Nizami Gəncəvi milli şair olmaqla yanaşı, bütöv regionun, dövrünün mədəni aləminin ortaq şairi olmaq vəzifəsini də öhdəsinə götürmüşdü. Çünki lap əvvəldən Nizami mövzu dairəsi, qəhrəmanları, düşüncə və ifadəsinin tərzi ilə bəşəriyyətə üz tutan bir mütəfəkkir kimi çıxış edirdi. O, yalnız öz xalqı və mədəniyyəti üçün deyil, bütün Yaxın və Orta Şərqi, hətta daha geniş götürsək, bütün mədəni aləmə əbədi düşüncə və cəmiyyət quruculuğunun yeni mükəmməl modellərini təklif edirdi.
Nizami təsirinin hüdudlarından bəhs edən Rafael Hüseynov fransız yazıçısı və ictimai xadim Lui Araqonun Parisdə 1962-ci ildə nəşr etdirdiyi kitabındakı fikirlərə istinad edərək bildirib ki, gəncəli müdrikə yazılan nəzirə əsərlər latın və yunan dillərində olan bütün poemaların sayından çoxdur.
Mühazirədən sonra Rafael Hüseynov Strasburq Universitetinin müəllim və tələbələrinin çoxsaylı suallarını cavablandırıb. Universitetin professorları Stefan de Tapia, Samim Akgönül məruzə və müzakirələrlə bağlı məmnun olduqlarını bildiriblər. Konfrans iştirakçılarına Heydər Əliyev Fondunun dəstəyi ilə fransızca nəşr edilmiş Nizami əsərləri, şair haqqında kitab və bukletlər təqdim edilib.