“Barokko günləri” festivalının son konserti belə adlanırdı

 

Xəbər verdiyimiz kimi, 23-26 aprel tarixində Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı keçirildi.

Dörd gün ərzində paytaxtımızı barokko havasında saxlayan festivalın son konsert proqramı aprelin 26-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında gerçəkləşdi.

“Klavesin – orkestrin kralı” adlı konsertdə məşhur italiyalı musiqiçi Stefano Demikeli (klavesin) çıxış etdi. O, tanınmış bəstəkarlar A.Korelli, İ.S.Bax, G.F.Hendel və A.Vivaldinin əsərlərini səsləndirdi. Musiqiçinin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Qeyd edək ki, Stefano Demikeli mütəmadi olaraq “La Skala”, “Fundacio La Caixa di Barcelona”, “Utrexte Oude Muziek” və digər məşhur səhnələrdə çıxış edir. O, dünyanın müxtəlif ölkələrində keçirilən festivalların da fəal iştirakçısıdır. İfaçı beş ildən artıq tanınmış dirijor R.Ceykobsun assistenti kimi onun Avropada nümayiş etdirilən opera tamaşalarında iştirak edib, klavesin ifaçıları və müğənnilərin məşqçisi olub.

S.Demikeli 2004-cü ildə dirijoru olduğu “La Tempesta” (hazırda “Dolce & Tempesta” adlanır) ansamblını təsis edib. Bu kollektivlə bir çox festivallarda səhnəyə çıxıb.

2010-cu ildə Barselonanın “Akademiya-1750” adlı təhsil ocağında dirijor kimi fəaliyyətə başlayıb. 2012-ci ildə isə gənclərdən ibarət “Talenti Vulcanici” orkestrinə musiqi rəhbəri təyin olunub. S.Demikelinin rəhbərlik etdiyi “Pieta dei Turchini” fondunun (Neapol) yaratdığı barokko üslubunda orkestr 2019-cu ildə Abbiatinin “İtalyan musiqi tənqidçiləri” mükafatına layiq görülüb.

S.Demikeli K.Abbado, R.Çalli, K.Rovaris, İ.Bolton, C.Antoni, P.Qodvin və digər məşhur solist və dirijorlarla işləyib.

Qeyd edək ki, “Barokko günləri” Beynəlxalq Musiqi Festivalında azərbaycanlı ifaçılarla yanaşı, İtaliya, Türkiyə, Ukrayna və Gürcüstan sənətçiləri də barokko musiqisi həvəskarlarının qarşısına çıxdılar.

Nurəddin