Aprelin 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsi yeniyetmə və məktəblilərə qucaq açmışdı. Hər çıxışı alqışlarla qarşılanan istedadlı gənclər təkcə öz bacarıqlarını nümayiş etdirmir, həm də sanki mənsub olduqları millət və Vətən qarşısında imtahan verirdilər. Əlbəttə, bu, bir başlanğıc idi. Qarşıda onları böyük konsert proqramları gözləyir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbi şagirdlərinin “Şuşa İli”nə həsr olunmuş konsertinin adı da elə bu duyğuları əks etdirirdi: “Şuşanın dağları, Zəfərin ulduzları” .
Konsertdə məktəbin təcrübəli müəllimləri – Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova, Svetlana Əliyeva və Ulduz Məmmədovanın şagirdləri çıxış edirdi.
Solistlər Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri – Prezident təqaüdçüsü Cəmil Sədizadə, beynəlxalq müsabiqələr laureatları Əbdüləli Hüseynli, Samirə Cəfərli, Zərintac Qurbanzadə və Orxan Hüseynov idi.
Proqramda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri yer almışdı. Şagirdləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Rauf Abdullayev) müşayiət edirdi.
Çıxış edən şagirdlərin kifayət qədər yaradıcılıq təcrübəsinə malik olduqları açıq-aydın görünürdü. Təcrübə göstərir ki, mütəmadi konsertlərdə simfonik, kamera orkestri ilə çıxış edən şagirdlər səhnədə özlərini sərbəst və rahat hiss edirlər.
Konsertin iştirakçılarından Cəmil Sədizadə İspaniya, Fransa, İtaliya, Moskva və Gürcüstanda keçirilən müsabiqələrin qalibidir, Moskvada, Kreml sarayında keçirilən “Nəsillərin melodiyası” festivalında Rusiya Federasiyası Prezident Orkestri ilə çıxış edib.
Digər bir iştirakçı, beynəlxalq müsabiqələr laureatı Əbdüləli Hüseynli ötən il uğurlu səhnə fəaliyyətinə görə Gənclər Günü münasibətilə Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. O, təhsil aldığı illərdə İspaniya, Rusiya, Gürcüstan və digər ölkələrdə keçirilən müsabiqələrin qalibi olub.
VII sinif şagirdi Samirə Cəfərli da İspaniya, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilən müsabiqələrin qalibidir. Zərintac Qurbanzadə, Orxan Hüseynli İspaniya, İtaliya və Rusiyada keçirilən müsabiqələrdə laureat adı qazanıblar.
Konsertdən sonra AZƏRTAC-a müsahibə verən Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Sevil Ələkbərova deyib: “Qarabağın tacı, mədəniyyət beşiyi olan Şuşa hər birimiz üçün doğmadır. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etdi. Həmin gün tariximizə Zəfər Günü kimi həkk olundu. 2022-ci ilin “Şuşa İli” elan edilməsi 28 il düşmən əsarətində olan, lakin heç vaxt milli simasını və ruhunu dəyişməyən bu şəhərin tarixi şöhrətini özünə qaytaracaq. Bugünkü konsertimiz də “Şuşa İli”nə həsr olunub. Konsertin qonaqları arasında Vətən müharibəsinin iştirakçıları, şəhid övladları da vardı. Düşünürəm ki, konsert uğurla keçdi, şagirdlərimizin ifası xoş təsir bağışladı...”.
Direktor daha sonra deyib: “Tədris zamanı şagirdləri aşağı siniflərdən səhnədə, yaradıcılıqda özünü ifadə etmək üçün hazırlayır, onlara peşəkarlıq vərdişləri aşılayırıq. Bundan sonra da məsuliyyətlə çalışacaq, şagirdlərin peşəkar ifaçı kimi yetişməsi üçün ən müasir tədris üsullarını işimizə tətbiq edəcəyik”.
Mayın 15-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illiyinin tamam olacağını söyləyən Sevil Ələkbərova diqqətə çatdırıb ki, yubileylə bağlı bu günlərdə ölkə başçısı tərəfindən sərəncam imzalanıb: “Mayın 19-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Rauf Hacıyevin yubileyi ilə əlaqədar tədbir keçiriləcək. Hazırda həmin tədbirə hazırlaşır və yubiley gecəsində də uğurlu çıxış etmək üçün məşqlər aparırıq...”.
Qeyd edək ki, altmış ildən artıq fəaliyyət göstərən R.Hacıyev adına Musiqi məktəbi bu müddətdə onlarla Prezident təqaüdçüsü, laureat yetişdirib. Məktəbin məzunları orta və ali ixtisas musiqi ocaqlarında təhsillərini davam etdirərək musiqi mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər.