Xalq yazıçısı Elçinin dramaturgiyası haqqında kitabın təqdimatı

 

Aprelin 28-də Milli Kitabxanada sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin müəllifi olduğu “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” kitabının təqdimatı keçirilib.

Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq kitab haqqında məlumat verib. Bildirib ki, kitabda böyük alim Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsi işığında Xalq yazıçısı Elçin dramaturgiyasının süjet situasiyalarının “qrammatikası” açıqlanır, absurd pyeslərinin paradoksal məntiqi müəyyən edilir. Kitabxananın direktoru vurğulayıb ki, əgər XX əsr Azərbaycan teatr sənətinin inkişafında İlyas Əfəndiyevin əsərləri əsas rol oynayırdısa, həmin ənənəni çox uğurla Elçin müəllim davam etdirir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Rüstəm Kamal çıxış edərək bildirib ki, Azərbaycan teatrının poetikası özü böyük mövzudur. Hər bir xalqın həyatında teatrın yaranıb inkişaf etməsi maraqlı hadisədir. Teatr poetik fundamental araşdırmalar tələb edən bir sahədir. R.Kamal qeyd edib ki, daha çox texnoloji proseslərə tətbiq olunan qeyri-səlis məntiq nəzəriyyəsinin ədəbiyyata tətbiqi bu işin əsas uğuru sayıla bilər. O vurğulayıb ki, absurdluq özü fəlsəfi bir mövzudur və biz bunu Mirzə Cəlilin, Üzeyir bəyin əsərlərində görə bilərik. Müasir dövrümüzdə isə bu ənənəni Elçin müəllim çox mükəmməl şəkildə inkişaf etdirərək öz əsərlərinə tətbiq edib.

İftixar Piriyevi belə maraqlı bir mövzuda əsər yazması münasibətilə təbrik edən R.Kamal ona yaradıcılıq uğurları arzulayıb.

“Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev qeyri-səlis məntiq nəzəriyyəsinin yaranma tarixindən, əsas müddəalarından danışıb. Qeyd edib ki, bu nəzəriyyənin əsas qayəsi sərhədlərin pozulmasıdır. Rafiq Əliyev vurğulayıb ki, kitabı maraqlı edən əsas cəhət odur ki, konkret predmetə əsaslanır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, qeyri-səlis məntiq nəzəriyyəsi haqqında ilk dəfə Xudu Məmmədovun kitablarında, sonra isə məhz bu nəzəriyyənin banisi Lütfi Zadənin əsərlərində tanış olub. Lütfi Zadə ilə tanışlığından danışan millət vəkili qeyd edib ki, bu görüşün keçirilməsində Rafiq Əliyevin rolu böyükdür.

Xalq yazıçısı Elçinin Azərbaycan teatrının inkişafında xüsusi yerini vurğulayan komitə sədri ədibin yaradıcılığı kontekstində belə bir mövzuya toxunduğu üçün İftixar Piriyevə  təşəkkürünü, həmçinin bu əsərin yazılmasına yaxından kömək edən Rafiq Əliyevə minnətdarlığını bildirib.

AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, teatr rejissorları – Xalq artisti Firudin Məhərrəmov, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və digər çıxış edənlər, eləcə də müəllif İftixar Piriyev monoqrafiya haqqında fikirlərini bölüşüblər.

Sonda Xalq yazıçısı Elçin kitabın müəllifi İftixar Piriyevə və çıxış edən hər kəsə öz təşəkkürünü bildirib. Qeyd edib ki, İftixar Piriyev həm rejissor, aktyor, həm də teatrşünasdır. Xalq yazıçısı absurd teatrı haqqında da fikirlərini bölüşüb. Vurğulayıb ki, bu gün teatrımızın əsl teatrşünaslara ehtiyacı var.