26-30 aprel tarixində Özbəkistanın Xivə şəhərində beynəlxalq “Ləzgi” rəqs festivalı keçirilir. 2019-cu ildə Özbəkistanın təqdim etdiyi “Ləzgi” Xarəzm rəqsi nominasiyası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Xivə şəhərindəki məşhur “İçan-kala” kompleksinin Köhnə Ark meydanında keçirilən festival da UNESCO-nun dəstəyi ilə təşkil edilib.
30 ölkədən 200-ə yaxın rəqqas, musiqiçi, musiqi nəzəriyyəçisi və xoreoqrafın qatıldığı festivalda Azərbaycanı Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edir. Əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərliyi ilə “Muğam” musiqi qrupu da festivala qonaq kimi dəvət olunub.
Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin aprelin 27-də və aprelin 28-də keçirilən konsertlərdə çıxışları alqışlarla qarşılanıb. Konsertdə İranın Təbriz şəhərindən gələn oğlanlardan ibarət rəqs qrupu “Qaytağı” rəqsini ifa edib.
Festivalın açılış konsertində Əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə “Muğam” musiqi qrupu da çıxış edib. Tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev və nağarada Kamran Kərimovun müşayiəti ilə xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyevanın ifasında muğam və xalq mahnıları alqışlarla qarşılanıb.
Festival çərçivəsində rəqs sənətinə həsr olunan sərgilər, milli geyimlərin, xalq tətbiqi sənət nümunələrinin nümayişi, kitab yarmarkası, “Dünya rəqs sənətinin inkişafında özbək milli rəqslərinin rolu” adlı beynəlxalq konfrans da təşkil edilib.