Bakı Xoreoqrafiya Akademiyası orta ixtisas təhsil pilləsinin buraxılış-hesabat konserti
29 aprel Beynəlxalq Rəqs Günüdür. 1982-ci ildə UNESCO nəzdində Beynəlxalq Rəqs Şurası tərəfindən təsis edilən əlamətdar gün ölkəmizdə də hər il müxtəlif tədbirlər, konsert proqramları, təqdimatlarla qeyd olunur. Azərbaycan rəqs sənətinin yaşadılmasına və inkişafına mühüm töhfələr verən, bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsil pilləsinin builki buraxılış-hesabat konserti də Beynəlxalq Rəqs Günü ərəfəsində, aprelin 27-də keçirilib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, ölkəmizin Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, Xalq artisti, milli rəqs sənətinin görkəmli nümayəndəsi Roza Cəlilova, mədəniyyət və ictimaiyyət nümayəndələri, sənətsevərlər iştirak ediblər.
BXA-nın orta ixtisas təhsil pilləsinin şagirdləri, klassik və xalq bölməsinin məzunları akademiyanın müəllimləri – Xalq artistləri Cəmilə Bayramova, Yusif Qasımov, Əməkdar müəllim Pellumb Aqalliyay, Əməkdar artistlər Rimma İskəndərova, Səbinə Qasımova, Viktoriya Şahmuradova, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskaya, eləcə də Zaur Fətulla, Tuncay Hüseynov və Yelena Çernousovanın rəhbərliyi ilə hazırladıqları rəqs nömrələrini, eləcə də “Jizel”, “Yatmış gözəl”, “Sonalar gölü”, “Don Kixot” və başqa məşhur baletlərdən parçaları ifa ediblər.
Konsertdə eləcə də BXA-nın yetirmələri olmuş Əməkdar artist Samir Səmədov, Opera və Balet Teatrının solisti Timur Oduşev və başqaları da çıxış ediblər.
BXA-da rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadənin bədii rəhbəri olduğu konsert alqışlarla qarşılanıb. Tədris illərində rəqs sənətinin sirlərini mənimsəyən istedadları qarşıda hələ çox konsert proqramları, anşlaqlar, tamaşaçı alqışları gözləyir.