İnfotur Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq
   
   Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, ekstremal, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.
   
   Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş \"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı\"nın və ölkə başçısının 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının müvafiq bəndlərinin icrası ilə əlaqədar regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətləri və istirahət ocaqları ilə birgə layihələr həyata keçirir. Bu xüsusda turizm potensialı bölgələrimizə infoturların təşkili də önəm kəsb edir. Sentyabrın 10-11-də növbəti belə infotur füsunkar təbiəti ilə seçilən Gədəbəy rayonuna təşkil olunacaq.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi “Millennium” turizm şirkətinin və “Eldorado” mehmanxanasının təşkilatçılığı ilə baş tutacaq tədbirin məqsədi turizm şirkətlərinin və kütləvi informasiya nümayəndələrinin iştirakı ilə Gədəbəy rayonunun turizm potensialı, mövcud infrastrukturu, əsas turizm obyektlərinin dərindən öyrənilməsi və şirkətlərlə regionda fəaliyyət göstərən istirahət komplekslərinin əməkdaşlığının təmin edilməsidir.
   Nazirliyin Turizm şöbəsindən verilən məlumata görə, infotur çərçivəsində regionlarda turist xidmətinin keyfiyyətinin yaxşılaşdırılması və onun səviyyəsinin müasir standartlara çatdırılmasına dair dəyirmi masa da keçiriləcək. İnfoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 50 nəfərlik heyətin iştirakı nəzərdə tutulub.
   Tur iştirakçıları iki gün ərzində Gədəbəy rayonunda mədəni-tarixi abidələrlə və şəhərin təbiəti ilə də tanış olacaqlar.