Paytaxtın mədəniyyət mərkəzlərinin internet saytlarının yaradılması da nəzərdə tutulur
   
   H.Sarabski adına Mədəniyyət Mərkəzində Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin iclası keçirilib. 
   İclasda çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev öncə sentyabrda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan mədəniyyət müəssisələrində aparılan monitorinq haqqında məlumat verib. Monitorinqin nəticələrinə əsasən, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən müəssisələrdə çalışan bir sıra əməkdaşlara aşkar olunmuş nöqsanlara görə xəbərdarlıq edilib.
   Daha sonra müstəqilliyimizin 20-ci ildönümü ilə əlaqədar tədbirlər planı müzakirə olunub. Qeyd olunub ki, idarənin nəzdində fəaliyyət göstərən mərkəzi kitabxana sistemlərinin hər biri müvafiq rayonda kitab sərgisi təşkil edəcək, digər tədbirlər keçiriləcək.
   İclasda “Turizm ili” ilə bağlı keçiriləcək tədbirlərin davam etdirilməsi, “Gənc turist” klublarının Azərbaycanın müxtəlif bölgələrinə ekskursiyalarından da söhbət açılıb. Bildirilib ki, ilin sonunda “Turizm ili” ilə bağlı ən çox tədbir keçirən mədəniyyət müəssisəsi “İlin ən fəal müəssisəsi” elan olunacaq. İclasda o da qeyd olunub ki, gələn il Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan mədəniyyət mərkəzlərinin internet saytlarının yaradılması nəzərdə tutulur.