Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq olunması haqqında” 2011-ci il 20 iyul tarixli sərəncamının müvafiq bəndlərinin icrası ilə əlaqədar regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi təşkili, daxili turizm bazarının fəallığını artırmaq məqsədi ilə layihələr həyata keçirilir.
   “Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirib ki, “Azərbaycanda yeni marşrutlar kəşf edək” devizi altında son 2 ildə 18-dən çox infotur təşkil edilib.
   Cari ildə 4 infoturun artıq başa çatdığını söyləyən R.Quliyev deyib ki, bu il üçün nəzərdə tutulmuş son belə turizm səfəri 2011-ci ildə Azərbaycanın “Folklor paytaxtı” elan olunan Lənkəran şəhərinə təşkil ediləcək. Sonda bu infoturlar “Turizm ili” çərçivəsində hazırlanacaq yekun sənəddə öz əksini tapacaq.