Beynəlxalq Türk Akademiyası Qazaxıstanın Nur-Sultan şəhərinin yaxınlığındakı “ALJİR” memorial-muzey kompleksində “İstiqlal carçısı Əhməd Cavad – 130” adlı anım tədbiri keçirib.
“ALJİR” memorialı 1938-53-cü illərdə Qazaxıstanın Akmola (indiki Nur-Sultan) vilayətində repressiya qurbanlarının həyat yoldaşlarının saxlanıldığı həbs düşərgəsinin (rusca “Акмолинский лагерь жён изменников Родины”) yerində yaradılıb.
İştirakçılar repressiya qurbanlarının xatirəsini ehtiramla yad edib, “Xatirə lövhəsi”nin önünə gül dəstələri düzüblər.
Sonra iştirakçılar muzeyin ekspozisiyaları ilə tanış olub, “ALJİR” düşərgəsində cəza çəkən azərbaycanlılarla bağlı Türk Akademiyası tərəfindən hazırlanmış tematik sərgiyə baxıblar. Onların arasında Əhməd Cavadın 1938-1945-ci illərdə Qazaxıstana sürgün olunmuş həyat yoldaşı Şükriyyə Axundzadəyə aid xüsusi ekspozisiya da yer alıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti D.Kıdıralı bildirib ki, Ə.Cavada həsr olunan mərasimin onun həyat yoldaşının iztirablı sürgün həyatı yaşadığı “ALJİR” memorial kompleksində keçirilməsi rəmzi xarakter daşıyır. Ə.Cavad ömrünü Azərbaycan xalqının istiqlalına həsr etmiş, bu yolda təqiblərə məruz qalmış, ömrünü fəda etmiş bir şəxsiyyətdir. Onun həyat yoldaşı Şükriyyə xanım isə Qazaxıstana sürgün edilib və 1938-1945-ci illərdə 8 il “ALJİR” düşərgəsində olub. Ə.Cavad təkcə Azərbaycan xalqına məxsus deyil, Mirzə Fətəli Axundzadə, Mehmet Akif Ersoy, Həsən bəy Zərdabi, Əhməd Baytursınlı, Mustafa Çokay kimi bütün Türk dünyasının dəyəridir. Ə.Cavadın əsərləri türkçülük şüurunun formalaşmasına böyük töhfə verib. Böyük şair təkcə Azərbaycanın istiqlaliyyətinin deyil, həm də Anadolu və Türküstan xalqlarının azadlığının carçısı olub.
Tədbirdə Qazaxıstan Dövlət Tarixi İnstitutunun direktoru Erkin Ebil, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin müşaviri Rövşən Kazımov, L.Qumilyov adına Avrasiya Milli Universiteti Türkologiya kafedrasının professoru, Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü Amantay Şarip və başqaları çıxış ediblər. Ə.Cavad haqqında sənədli filmdən parçalar nümayiş etdirilib.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası Əhməd Cavadın 130 illiyini 2022-ci il üçün əlamətdar tarixlər siyahısına daxil edib və bir sıra tədbirlər keçirməyi planlaşdırıb.