Mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyəti mayın 2-də Vaşinqtonda həmvətənimiz – tanınmış caz ifaçısı, pianoçu Əminə Fiqarovanın rəhbərlik etdiyi musiqi qrupunun konsertində iştirak edib.
“Azərbaycan mədəniyyəti gecəsi” adlı caz konserti ölkəmizin ABŞ-dakı səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tarixi binalarından olan Meridian Beynəlxalq Mərkəzində (Meridian İnternational Center) keçirilib.
Gecəyə ABŞ siyasi-ictimai dairələrinin, diplomatik korpusun, beyin mərkəzlərinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və yerli sənətsevərlər də qatılıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim zəngin mədəniyyətə malik ölkəmizdə musiqiyə verilən dəyərdən, milli musiqimizin qorunub saxlanılması ilə yanaşı, müasir və dünya musiqisi, o cümlədən caz musiqisinin ölkəmizdə geniş yayılmasından bəhs edib.
Mədəniyyət naziri Anar Kərimov dünya caz həftəsinə təsadüf edən tədbir kontekstində Azərbaycanda caz ənənələri, onun tarixi, xüsusilə də 1960-70-ci illərdən başlayaraq Bakının Qafqazın caz mərkəzinə çevrilməsi, Vaqif Mustafazadə kimi əvəzedilməz caz ifaçılarının yetişməsini vurğulayıb. Nazir çıxışında Qarabağın tarixən Azərbaycanın musiqi mərkəzi olması, bir sıra mötəbər musiqiçilərin məhz burada yetişməsini xüsusi qeyd edib.
Caz konsertində uzun illərdir ABŞ-da yaşayıb fəaliyyət göstərən Əminə Fiqarovanın rəhbərlik etdiyi caz qrupu Azərbaycan musiqisinin motivlərindən ilhamlanaraq improvizə edilmiş etno-caz janrında musiqilər ifa edib. Konsertdə Vaqif Mustafazadənin əsərləri üstünlük təşkil edib. Musiqiçilərin özünəməxsus tərzdə ifa etdiyi “Laçın” musiqi parçası isə konsert iştirakçıları tərəfindən xüsusilə bəyənilib və alqışlarla müşayiət olunub.
Konsertdən sonra qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib.