Mayın 5-də Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar Ankarada anım mərasimi keçirilib.
Ankaranın Etimesqut rayonundakı Türk Tarixi Muzeyində baş tutan tədbirdə Etimesqut Bələdiyyəsinin başqanı Ənvər Dəmirəl, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış ediblər.
Çıxışlarda Əhməd Cavadın 104 il öncə Azərbaycanın müstəqilliyinin qazanılmasında ən mübariz aydınlardan biri olduğu vurğulanıb, onun Türk dünyasının ortaq dəyəri olaraq göstərdiyi xidmətlərdən bəhs edilib.
Mərasimdə rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, Əhməd Cavadın oğlu Yılmaz Axundzadənin nəvəsi Mehinbanu Quliyeva və atası Nicat Quliyev də iştirak ediblər.
Sonra Türk Tarixi Muzeyinin ərazisindəki parkda Əhməd Cavadın heykəlinin açılışı olub. Parkda Türk dünyasının inkişafında önəmli xidmətləri olan bir çox tarixi şəxsiyyətlərin abidələri və kompozisiyaları arasında Əhməd Cavadın da əzəmətli heykəli yer alıb.
Mehparə Sultanova
Ankara