Mayın 6-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə nazir Anar Kərimovun Oqtay Rəcəbova ünvanlanmış təbrik məktubu diqqətə çatdırılıb.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə və Əməkdar müəllim, elmlər doktoru, professor Vidadi Xəlilov yubilyarın həyat və yaradıcılıq yolu haqqında danışıb, sənətkar haqqında ürək sözlərini bölüşüblər.
Konsert proqramının birinci hissəsində Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Orxan Həşimov) bəstəkarın “Qarabağ Azərbaycandır!” simfoniyasını, “Yəhudi” mövzusunda rapsodiyasını, “Kamança və orkestr üçün konsert”inin I hissəsini (solist – beynəlxalq müsabiqələr laureatı Mehri Əsədullayeva) səsləndirib.
İkinci hissədə “Buta” instrumental ansamblının (bədii rəhbər Rövşən Qurbanov) müşayiəti ilə solistlər – Xalq artisti Heydər Anatollu, Əməkdar artistlər Almaz Orucova, Gülüstan Əliyeva, solistlər Rəvanə Qurbanova, Rövşən Əziz, Aynur İsgəndərli, Taleh Yəhyayev, Zülfiyyə Məmmədova bəstəkarın “Anam Azərbaycan”, “Necə unudum səni?”, “Zəfəran”, “Daha nə istəyirsən?”, “Faytonçu”, “Sevərsənmi?” və digər sevilən mahnılarını ifa ediblər.
Yubiley axşamında bəstəkarın sənət yoldaşları, musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.