Firudin Qurbanov: «Ölkələrimiz arasında əməkdaşlıq yeni istiqamət alıb»
   
   Sentyabrın 19-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) və Avstriya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes-forumu işə başlayıb. Tədbirdə rəsmi şəxslərlə yanaşı, iki ölkənin sənaye, kənd təsərrüfatı, turizm, tikinti, səhiyyə, logistika, alternativ enerji və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
   
   Forumun ikinci günündə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov «Azərbaycanda turizmin inkişafı» mövzusunda çıxış etdi. O, Azərbaycanla Avstriya arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, iş adamları arasında əlaqələrin genişləndirilməsi baxımından forumun əhəmiyyətini vurğuladı: “Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti ölkəmizi xarici investisiyalar üçün cəlbedici edib. Əldə edilmiş nailiyyətlər ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. Azərbaycan Avropa ölkələri arasında özünəməxsus yer tutan Avstriya ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Turizm sahəsində əməkdaşlıq da uğurla davam etdirilir”.
   Natiq son illər Azərbaycanla Avstriya arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, görüşlərin uğurlu nəticələrindən söz açdı: “Azərbaycanla Avstriya arasındakı əməkdaşlıq mədəniyyətin demək olar ki, bütün sahələrini əhatə edir. Bu yaxınlarda Vyana şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün ucaldılması, «Arşın mal alan» operettasının premyerası ilə davam edən silsilə tədbirlər nəticəsində musiqi, teatr, muzey, kitabxana, turizm və digər sahələrdə əlaqələr yüksək səviyyədə inkişaf etdirilib. Həmçinin Avstriyanın aparıcı musiqi kollektivlərinin Azərbaycanda uğurlu çıxışlarını, eyni zamanda Azərbaycanın musiqi və incəsənət ustalarının Avstriyada çıxışlarını xüsusi qeyd etmək istərdim”.
   F.Qurbanovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriyanın bir neçə şirkəti arasında imzalanmış müqavilələrə uyğun olaraq Bakıda Akademik Milli Dram Teatrının, Dövlət İncəsənət Muzeyinin təmiri yüksək səviyyədə başa çatdırılıb, hazırda «Nizami» kinoteatrında və Xalça Muzeyində aparılan yenidənqurma işləri də məhz Avstriya şirkətləri vasitəsilə həyata keçirilir.
   Aparat rəhbəri Azərbaycanla Avstriya arasında son illər turizm sahəsində də əlaqələrin çox geniş istiqamət aldığını qeyd etdi. 2006-cı ildə Azərbaycanda ilk dəfə turizm üzrə mütəxəssis hazırlayan ali təhsil müəssisəsinin - Azərbaycan Turizm İnstitutunun təsis edildiyini deyən F.Qurbanov bu institutla ilk gündən əməkdaşlıq edən təhsil müəssisələrindən birinin məhz Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti olduğunu vurğuladı: “İki təhsil ocağı arasında imzalanmış anlaşmaya əsasən, ATİ-nin və Krems Universitetinin tələbələri bu ali məktəblərin ikisinin də diplomunu eyni vaxtda almaq imkanı əldə ediblər. Ötən il Turizm İnstitutunun 14, bu il isə 19 nəfər məzunu hər iki ali məktəbin diplomunu aldı. Bundan əlavə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriyanın Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənəddə həm elmi, həm də tədris sahəsində əlaqələrin genişləndirilməsi nəzərdə tutulur».
   F.Qurbanov Avstriya ilə Azərbaycan arasında əlaqələrin, bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də bundan sonra uğurla davam etdiriləcəyini bildirdi. 
   

   Fəxriyyə Abdullayeva