Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V Xarıbülbül Beynəlxalq Folklor Festivalı başlayıb. Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə keçirilən festival mayın 14-dək davam edəcək.

Beynəlxalq festival Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”na əsasən gerçəkləşir.

Festivalda 10 xarici ölkədən müxtəlif folklor üslubları üzrə musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edir.

Qeyd edək ki, ilk dəfə 1989-cu ildə keçirilmiş və görkəmli muğam ustadı, pedaqoq Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival Vətən müharibəsində qazanılmış parlaq Zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib.

V Xarıbülbül Beynəlxalq Folklor Festivalının proqramını festivalın rəsmi veb-saytına (xaribulbulfestival.az) və “Facebook” hesabına (Xarıbülbül Beynəlxalq Folklor Festivalı) keçid edərək əldə etmək mümkündür.

https://www.youtube.com/watch?v=iMHeFkixRV8