Mayın 13-də Azərbaycanın dünya şöhrətli bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin (1918-1982) vəfatının 40-cı ildönümü tamam olur. Qara Qarayevin klassik musiqi xəzinəsinə daxil olan əsərləri sırasında simfoniyaları da var.
Bəstəkar ilk simfoniyasını 1943-cü ildə Moskva Dövlət Konservatoriyasının tələbəsi (bəstəkar D.Şostakoviçin sinfi) olarkən yazıb. İlk dəfə 1944-cü ildə səslənən əsər Böyük Vətən müharibəsi (1941-1945) qəhrəmanlarının xatirəsinə həsr olunub. İkihissəli simfoniyanın ilk bölümü (Molto sostenuto) bədii surətlərin qarşılaşdırılması üzərində qurulub, ikinci bölüm (Molto moderato) 6 simfonik variasiyadan ibarətdir.
Qara Qarayevin “Birinci simfoniyası” bəstəkarın vəfatının ildönümü ərəfəsində, mayın 5-də ilk dəfə Türkiyədə – İstanbulun ən böyük musiqi məkanlarından olan Cemal Reşit Rey (CRR) konsert salonunda səslənib. CRR simfonik orkestri əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin idarəsi ilə ifa edib.
Əsər dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Simfoniyanın ifasından sonra Əyyub Quliyevin dirijorluğu ilə Qara Qarayevin “Yeddi gözəl” baletindən parça da proqramdan əlavə olaraq dinləyicilərə təqdim edilib.
Konsertin ikinci bölümündə dirijor Əyyub Quliyevin idarəsi ilə orkestr və məşhur ispan gitara ifaçısı Marko Soçias Xoakin Rodriqonun gitara və orkestr üçün musiqilərini ifa edib.
Proqramın sonunda simfonik janrın ən mürəkkəb nümunələrindən olan Klod Debüssinin “Dəniz” lövhələri səslənib və türkiyəli dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, konsertdən öncə keçirilən mətbuat konfransında tanınmış dirijor və bəstəkar Murat Cem Orhan, məşhur türkiyəli musiqişünas Nasir Antep, eləcə də Əyyub Quliyev çıxış edərək Qara Qarayevin yaradıcılığı və onun “Birinci simfoniyası”nın yaranma tarixi barədə məlumat veriblər.