Vicdan və mərhəmətə əsaslanan fikirdə və işdə birlik
Mayın 9-da Ankarada hər il ənənəvi olaraq keçirilən “Vəqf həftəsi”nə start verildi. Beştəpə Millət Konqres Mərkəzində keçirilən açılış mərasiminə Türkiyənin vitse-prezidenti Fuat Oktay, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Vəqflər Baş Müdirliyinin rəhbəri Burhan Ersoy və Türkiyənin bölgələrində fəaliyyət göstərən vəqflərin təmsilçiləri qatılmışdı.
Öncə vəqflərin tarixinə həsr edilmiş film nümayiş etdirildi. Sonra çıxış edən Mehmet Nuri Ersoy hər il may ayının ikinci ongünlüyündə vəqflər həftəsinin keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, builki vəqf həftəsi “Vəqf mədəniyyətində sosial siyasətlər, sosial yardımlar və paylaşma ənənəsi” mövzusuna həsr edilib və “Birdən minə” devizi ilə gerçəkləşəcək.
“Vəqf həftəsi”nin ilk dəfə 1983-cü ildə keçirildiyini xatırladan nazir vəqflər ənənəsinin əsrlər öncəyə gedib çıxdığını, vəqf mədəniyyətinin könüllü bir hərəkət olmaqla yanaşı, vicdan və mərhəmətə əsaslandığını, fikirdə və işdə birlik prinsipi ilə formalaşdığını vurğuladı: “Bu qurumlar insanın insana fayda verməsinə dəstək üçün yaradılıb. Yaş, cins, dil, mədəniyyət fərqli ola bilər, amma hamımız insanıq. Bu prizmadan baxdıqda “Birdən minə” kampaniyası sosial nəticə deyil, davamlılığın ifadəsidir. Çünki yaxşılıqdan yaranan yaxşılıq var olmaqda davam edir...”.
Mehmet Nuri Ersoy vəqf ideyasının İslam dəyərləri əsasında yüksəldiyini, türk mədəniyyəti ilə qaynayıb-qarışaraq geniş bir coğrafiyada iz qoyduğunu da qeyd etdi.
Son 20 ildə vəqflərin xidmətinin daha da inkişaf etdiyini bildirən nazir məqsədlərinin cəmiyyətdə vəqf anlayışının mahiyyəti üzrə mənimsənilməsi, bu istiqamətdə fərqlilik yaradılmasıdır: “Vəqflər xidmətində əməyi keçən insanlarımıza təşəkkür edərək bildirmək istəyərdim ki, bəlkə də bu fəaliyyəti sıradan bir iş hesab edə bilərsiniz, amma əcdadlarımızdan bizə əmanət qalan xeyriyyə işlərinə verdiyiniz dəstəyin mənəvi dəyəri çox yüksəkdir. Bir uşağın sevincinə, valideynlərin təşəkkürünə layiq olan addım atırsınızsa, minlərlə həyatın xilas edilməsində sizin də xidmətinizin olduğunu əsla unutmayın...”.
Vəqflər Baş Müdirliyinin rəhbəri Burhan Ersoy görülən işlərdən danışaraq bundan qürur yox, minnətdarlıq duyduqlarını ifadə etdi.
Vitse-prezident Fuat Oktay vəqf xidmətlərinin ölkə və toplum üçün faydasından bəhs etdi.
Sonra aktiv fəaliyyəti ilə seçilən vəqf təmsilçilərinə mükafatlar təqdim edildi.
Türkiyədə “Vəqf həftəsi” mayın 15-nə qədər müxtəlif konfranslar, təqdimatlarla davam edəcək.
Mehparə Sultanova
Ankara