Kinonun həyatımızın ayrılmaz hissəsinə çevrilməsində aktyorların rolu müstəsnadır. Ekran obrazlarının xarakterini, hiss və düşüncələrini inandırıcı formada tamaşaçılara çatdıran dublyaj aktyorlarından isə ikiqat istedad, bacarıq tələb olunur.

Dublyaj sahəsində nümunəvi yaradıcılığına görə tamaşaçıların rəğbətini qazanan Əməkdar artist Nəcibə Hüseynova da ahəngdar, məxməri, qulağa xoş gələn səsi ilə onlarla kino personajına ifaçılar qədər uğur qazandırıb, ekran obrazlarını həmsöhbətimizə çevirib. Səsləndirdiyi qəhrəmanın dilindən dediyi ilk kəlməsindən böyük sənət məktəbi keçdiyini, dublyaj ustalarının peşəkar davamçısı olduğunu təsdiqləyib.

Nəcibə Hüseynova mayın 16-da 70 yaşını qeyd edəcək. Yubilyarla söhbətimizdə elə özünün bələdçiliyi ilə həyat və sənət yoluna nəzər saldıq. 

 

– Nəcibə xanım, yeni yaşınız düşərli, uğurlu, mübarək olsun.

– Minnətdaram. Amma, inanın, 70 rəqəmini eşidəndə diksinirəm. Hələ də inana bilmirəm ki, mən bu qədər yaşamışam. İnsan cavan olanda rəqəmlər ona uzaq görünür. Sanki bir anda ömür getdi və diksindim ki, aman Allah, artıq 70-dir, mən bu yaşa çatmışam. Geriyə baxanda insan öz səhvlərini və yaxşı işlərini görür. Hərdən öz-özümə götür-qoy edirəm, kaş ki bunu etməzdim, bunu edərdim deyə düşünürəm. 70 yaş həm də onu deyir ki, ömrün yavaş-yavaş qürub çağına yaxınlaşırsan. Çalışıb ömrü  ləyaqətlə başa vurmaq lazımdır.

 

– Dublyaj fəaliyyətiniz çəkildiyiniz rollardan çoxdur. Özünüz istədiniz, yoxsa belə alındı?

– Belə alındı. Mən kinostudiyaya gələndə burada “kinoaktyor teatrı” kursu açılırdı. Bir qrup gənc aktyorla mən də həmin kursa getdim. Həmin vaxtlarda aktyorların əksəriyyəti, necə deyərlər, öz hesablarına işləyirdilər, dublyajda və yaxud filmlərə çəkilməklə pul qazanırdılar. Mən də belə çalışırdım. Kinostudiyanın dublyaj studiyasında ilk dəfə kütləvi səhnələrdə olan bir personajı səsləndirdim. Səsləndirmə yaxşı alındığı üçün növbəti dəfə daha irihəcmli rolu mənə tapşırdılar. Üçüncü dəfə isə artıq ikinci planlı rolu səsləndirmək mənə həvalə olundu. Beləliklə, dublyaj fəaliyyətim davamlı oldu.

 

– Filmlərə az çəkilməyiniz sizi narahat etmirdi?

– Kinorejissorlar məni çəkmək istəyirdi, ancaq o zaman Bədii şura digər aktrisaları həmin rola təsdiqlədiyi üçün mən çəkilmirdim. Həm də etiraf edim ki, kinoda çəkilməyə çox da can atmırdım. Ardıcıl olaraq yerli və xarici filmlərdə baş obrazları səsləndirdiyim üçün vaxtım da az olurdu.

 

– Azərbaycan kinosunda bir çox məşhur obrazları (Gülya – “Ölsəm... bağışla”, Təhminə – “Təhminə” və s.) səsləndirmisiniz. Peşəkar səsləndirmələr ifaçılar qədər sizə də sənət sevinci yaşadırdı?

– Əlbəttə. Daha çox Təhminənin səsinə vurulmuşdular. Bir dəfə qonşum olan bir qadın “Təhminə” filmi ekranlara çıxdıqdan sonra qollarını açaraq məni qucaqladı və bildirdi ki, mən bilməmişəm Təhminəni sən səsləndirmisən. Bəzi hallarda da qeyd edirdilər ki, sizinlə nə vaxtsa üz-üzə gələcəyimizi ağlımıza belə gətirmirdik. Çox vaxt da məni görəndə “aaa, kinoda danışan qız” deyirdilər.

Biz dublyajı elə dəqiqliklə işləyirdik ki, yalnız bir müddət keçəndən sonra bilirdilər ki, filmdəki rolu mən səsləndirmişəm. Hətta həmkarlarım da bilmirdi ki, məşhur olan hansısa obrazın səsi mənə məxsusdur. Dəvət aldığım verilişlərdə mən açıqlama verdikdən sonra tamaşaçılar mənə yaxınlaşırdı, minnətdarlığını bildirirdi. 

Onu da əlavə edim ki, beş il ərzində AzTV-də “Yeni filmlər” verilişinin aparıcısı olmuşam. 1990-cı illərin sonuna qədər məni çox tanıyırdılar. Demək olar ki, küçəyə çıxa bilmirdim. Tamaşaçılar yaxınlaşırdı ki, verilişlərinizə baxırıq, sizi sevirik. Yadımdadır, mən fəxri ad alanda hətta tanımadığım bir qadın mənə yaxınlaşa-yaxınlaşa qollarını açdı və “Nəhayət ki, mən sizi ürəkdən təbrik edirəm...” dedi. Yəni sənətimə, özümə qarşı həmişə tamaşaçı sevgisi görmüşəm. 

 

– Dublyaj sənətinin məktəbi yoxdur. Kimləri özünüzə sənət müəllimi hesab etdiniz, kimlərdən sənət stimulu aldınız?

– İnstitutda peşəkar aktyor sənətini və səhnə danışığını öyrədən sənət müəllimlərimiz var idi. Birinci kursdan sənət müəllimim görkəmli sənətkar Adil İsgəndərov oldu, səhnə danışığı müəllimlərim isə Müxlis Cənizadə və Həsən Əbluc idi.  

 

– Gənc dublyaj aktyorları sizi özünə müəllim bilir. Nə vaxtsa bu sənəti tədris etmək istədinizmi?

– Təcrübəyə əsaslanaraq gənclər məni özlərinə müəllim sayırlar. İllər əvvəl İncəsənət İnstitutunun Səhnə danışığı kafedrasından təkid etdilər ki, pedaqoji fəaliyyət göstərim. Mən özümü müəllimlik peşəsində görmədiyim üçün getmədim. Kinostudiyada işləyəndə görkəmli sənətkarlarımızın iş üslubunu kənardan izləyirdim. Kim necə işləyir, səsləndirəcəyi rola necə yanaşır?  Məşhur sənətkarlarımızdan Əminə Yusifqızı, Həsənağa Turabov, Şahmar Ələkbərov, Həsən Əbluc kimi aktyorları özümə örnək götürdüm. Onlar əsas rolları səsləndirəndə mənə də əsas qadın rollarını həvalə edirdilər. Beləcə, mən də təcrübə əsasında öyrənirdim. Uğurlu bir sənət yoldaşının yanında olması həmişə fayda verir. İstər-istəməz ondan nəsə öyrənirsən.

İndi bizim dublyaj aktyorlarımız yetişib. Onların bir çoxu peşəkardır. Bəzən onlara nəyisə başa salmağa ehtiyac qalmır. İş prosesi zamanı mən təmkinlə gözləyirəm görüm, bu işi aktyor özü bacaracaq, ya yox. Elələri var ki, çox arxayın şəkildə işi onlara həvalə edirəm. Dublyaj işində aktyorun dili yaxşı bilməsi, savadlı olması vacibdir.

 

– Bir az da şəxsi həyatınız haqqında danışın...

– Bakıda sadə bir ailədə doğulub böyümüşəm. 49 nömrəli orta məktəbi bitirmişəm. Çoxları elə bilir rus sektorunda oxumuşam. Amma elə deyil. Azərbaycan dilində təhsil almışam. Məndən başqa iki bacım var. Atamla anamın gənclik illəri İkinci Dünya müharibəsinə təsadüf edib. Hər ikisi də erkən yaşlarından yetim qalıb. Atam ailəsinə kömək məqsədilə erkən yaşlarından zavodda işləməyə başlayıb. Qaynaqçı (tokar) peşəsinə yiyələnib. Anam körpə olarkən anasını itirib. Atası ikinci dəfə ailə qurub. Buna görə də bir müddət ögey anasının yanında yaşayıb. Atası rəhmətə getdikdən sonra ögey anası qiymətli əşyalarını yığıb evdən gedib. Anamgil ailədə üç uşaq olub. Onlar belə vəziyyətdə qohumların himayəsində qalmağa məcbur olublar.

Anam atamla ailə qurub. Ailədə üç qız övladı böyüyüb. Məndən böyük bacım orta məktəbi bitirib sənədlərini ali məktəbə versə də, qəbul ola bilmədi. Toxuculuq peşəsinə yiyələndi. Kiçik bacımı anam 8-ci sinfi bitirdikdən sonra  məktəbdən çıxardıb peşə məktəbinə apardı və o, şirniyyatçı sənətini öyrəndi. Ailəmizdə təkcə mən ali təhsil almışam.

 

– Niyə məhz aktrisa?

– Orta məktəbdə yaxşı oxuyurdum. Dil öyrənməyə böyük həvəsim vardı. Alman dili ilə məşğul olurdum. Bir gün məktəbdə xadimə gəlib dedi ki, dram dərnəyi var. Kim ora getmək istəyir? Mən dərsdən çıxıb ora getdim. Elə həmin gün dərnəkdə hazırlanan tamaşada mənə rol verdilər. Kütləvi səhnədə – toy səhnəsində digərləri ilə birlikdə  oynamalı idim. Elə də etdim. Tamaşa başlayanda mənə verilən paltarı geyinib səhnəyə çıxdım, səslənən mahnıya uyğun olaraq oynamağa başladım. Tamaşa qurtaranda dram dərnəyinin rəhbəri dedi ki, sən nə cəsarətli qızsan, səni dərnəyə götürürəm.

 

– Evdə narazılıq olmadı?

– Biləndə ki, dərnəyə getmişəm bir hay-küy qaldırdılar ki... Anam deyinirdi ki, səni heç kim almayacaq. Aktyorluq sənətini seçsən, bizi qınayacaqlar. Həmin vaxtlarda xalam da çox istəyirdi ki, alman dili təhsilimi Moskvada alım. Amma anam alman sözü eşidəndə diksinirdi. Bu, onda müharibənin travması kimi qalmışdı. Buna görə də istəmirdi o dili öyrənim. Mən yenə də dərnəyə məşqlərə gedirdim. Tamaşa hazır olanda anamı aparırdım baxsın. Atama isə heç nə demirdik. Bir gün dərnək rəhbərim anamdan xahiş etdi ki, qızınıza mane olmayın, o, sənətin ab-havasını alıb. Aktyorluq sənəti onun canına-qanına hopub, çətin ki, bu sənətdən uzaqlaşsın. Anam ona heç nə deməsə də, hər gün bu söhbət evdə təzələnirdi. Bir gün əmim bizə gəldi və soruşdu ki, sənədlərimi hara verəcəm. Anam istəyimi ona bildirdi və dedi ki, yaxşı biliyi var, başqa peşəyə sənədlərini verməsini istəyirik, o, isə sözümüzü eşitmir. Əmim anamı sakitləşdirdi ki, dəyməyin, qoyun hara istəyir ora da versin, daxil olar – olar, olmaz yenə də istədiyiniz ali məktəbə verər. Birinci ili İncəsənət İnstitutuna daxil oldum. İnstituta gedəndə qəbula gələn uşaqlar məni rusa oxşadırdılar. Qabiliyyət imtahanından uğurla keçdim. Həmin vaxtlarda “Azdrama”ya gedirdim, bütün tamaşalara baxırdım. İmtahanda da bütün sualları cavablandırdım. Eşidəndə ki, növbəti imtahana keçmişəm, sevincimin həddi-hüdudu yox idi. Beləcə, instituta qəbul oldum.

Həyat yoldaşımla institutda tanış olduq. İnstitutu bitirdikdən sonra Lənkəran Dövlət Dram Teatrına getdik. O, aktyor kimi çox fəaliyyət göstərmədi. İnzibati işlə məşğul oldu. Oğlum Emil İsrafilov İncəsənət İnstitutunu bitirib. Dublyajla məşğul olur. Bir vaxtlar  filmlər çəkilmirdi, iş tapmaq çox çətin idi. O dövrdə ANS kanalı məni dublyaj şöbəsinə çağırmışdı. Filmləri, serialları dublyaj edirdik. Oğlum da gəlib-gedirdi. Kino bilgisi əhatəli, zəngin olduğuna görə orda diqqət çəkdi. Bir dəfə ona dedilər ki, gəl bir səsinə qulaq asaq. Reklam rolikini səsləndirdi. Bəyəndilər və dedilər ki, növbəti serialı ikiniz birlikdə səsləndirərsiniz. Dedim axı o, aktyor deyil, dedilər, narahat olmayın, sizin oğlunuzdur, genində var. Onda yaxşı alınacaq.  Doğrudan da, biz növbəti serialı birlikdə səsləndirdik. Artıq oğlumla onlarla film və serialı səsləndirmişik. Sonra digər kanallarda birgə çalışdıq. Hazırda mən Xəzər Televiziyasında, oğlum isə başqa kanalda dublyaj şöbəsində işləyir.

İki nəvəm var. Böyüyü 13 yaşındadır, İncəsənət gimnaziyasında oxuyur. Kiçiyi isə birinci sinfə gedir.

Ətrafıma baxıram. Nə yaxşı ki, övladım, nəvələrim var. Bəzən ailəni sənətə qurban verirlər və yaxud ailə qurmurlar. Amma deyərdim ki, ümumilikdə heç bir sənət belə qurbana dəyməz. İnsanın öz ailəsi, öz evi bir sığınacaqdı, daldalanacaqdı.  Həyatda insanın yaxşı və pis günləri olur. Uğurların ola da bilər, olmaya da. Amma hər bir halda hiss və düşüncələrini birinci növbədə ailənlə bölüşdürürsən. Onlar sənə dayaqdır, böyük dayaq... 

Şəhla Əmirli
kinoşünas