Görkəmli şairə Xurşidbanu Natəvan (1832-1897) klassik Azərbaycan poeziyasında özünəməxsus yer tutur. Bu il dövlət başçısının sərəncamı ilə Natəvanın 190 illiyi qeyd olunur. Yubiley ili şairənin bədii irsinin yenidən nəzərdən keçirilməsi, eləcə də müxtəlif sənət sahələrində Natəvanın şəxsiyyəti və yaradıcılığının əks olunması məsələlərinin gündəmə gəlməsi baxımından yeni bir fürsətdir.
Azərbaycan təsviri sənətində Qarabağ, Şuşa mövzusuna və bu kontekstdə Xurşidbanu Natəvanın adına müraciət edilməsi geniş yayılmışdır. Bu da təsadüfi deyil. Əslində, Qarabağ deyəndə, ilk növbədə yada düşən şəxsiyyətlərdən biri də Qarabağın sonuncu hakimi olmuş Mehdiqulu xanın qızı Xurşidbanu Natəvandır. Xan qızı istedadlı şair və ictimai xadim kimi tanınmaqla bərabər, incə zövqə malik rəssam və bədii tikmə ustası olmuşdur. Rəssamlıq fəaliyyəti ilə poetik yaradıcılığı vəhdət təşkil edən Natəvanın dövrümüzə gəlib çatmış yaradıcılıq irsi bir o qədər çox olmasa da, onlar Azərbaycan incəsənətini yeni bədii çalarlarla zənginləşdirən sənət əsərləri kimi qiymətlidir.
Natəvanın rəssamlıq qabiliyyəti bir neçə cəhətdən diqqəti cəlb edir. Xüsusilə vurğulamaq lazımdır ki, onun ərsəyə gətirdiyi qrafik əsərlər XIX əsr Azərbaycan təsviri sənətinin inkişaf tarixini izləmək baxımından mühüm əhəmiyyətə malikdir. Orta əsrlərdə İntibah mərhələsini yaşayan Azərbaycan miniatür rəssamlığı tədricən qazandığı özünəməxsus bədii-estetik əlamətləri XIX əsrdə artıq Qərb və Şərq komponentləri ilə birləşdirən yeni ənənələrlə zənginləşməyə başlamışdı. Bu prosesdə Naxçıvan və Şuşa rəssamlıq məktəbi nümayəndələri mühüm rol oynamışlar.
Mədəniyyət paytaxtımız Şuşada cərəyan edən bədii proseslərə nəzər yetirsək, o zaman rəssamlığın müxtəlif sahələrində Mir Möhsün Nəvvab, Usta Qəmbər Qarabaği ilə yanaşı, Xurşidbanu Natəvanın da səmərəli fəaliyyət göstərdiyini deyə bilərik. Natəvanın ərsəyə gətirdiyi rəsm əsərləri bədii həllinə görə o dövrdə yaradılan təsviri sənət nümunələri arasında özünəməxsusluğu ilə seçilir. Onun rəsmləri özündə ənənə və müasirliyi birləşdirmək baxımından diqqətəlayiq nümunələrdir.
Natəvanın əl işləri arasında tarixi əhəmiyyətə malik rəsmlərini də qeyd etməliyik. Bunlardan “Şeyx Şamilin evi” və “Qunib qalası” rəsmləri xüsusilə diqqəti çəkir. Ehtimal edilir ki, bu rəsmlər şairənin həyat yoldaşı Xasay xan Usmiyevlə birlikdə Dağıstana səfərləri zamanı ərsəyə gəlmişdir.
Şair-rəssam bədii tikmə ilə də məşğul olmuşdur. Məişətdə istifadə üçün nəzərdə tutulan həmin tikmələr Milli Azərbaycan Tarixi və Milli İncəsənət muzeylərində mühafizə olunur. Muncuqlarla bəzədilmiş belə nəfis tikmələrdən birini Natəvanın həyat yoldaşı Xasay xan Usmiyev 1858-ci ildə Bakıya gəlmiş böyük fransız yazıçısı Aleksandr (ata) Düma (1802-1870) ilə görüşündə qonağa hədiyyə edib. Natəvanın həmin əl işinin bu gün Dümanın Fransadakı ev-muzeyində saxlanıldığı ehtimal olunur.
***
Zaman-zaman Natəvan yaradıcılığı və şəxsiyyəti Qarabağın ictimai-mədəni həyatındakı xidmətləri ilə Azərbaycan rəssam və heykəltəraşlarının diqqətini cəlb edib. Bu sırada Xalq rəssamları Ömər Eldarov, Oqtay Sadıqzadə, Altay Hacıyev və başqalarının adlarını çəkmək olar. Bu rəssam və heykəltəraşlar Natəvanın ən yaddaqalan obrazlar qalereyasını yaratmışlar.
Şairənin abidələrindən birinin müəllifi akademik Ömər Eldarovdur. 1960-cı ildə Bakıda qoyulan heykəl müəllifin orijinal və zəngin məna çalarları ilə seçilən əsərlərindəndir. Heykəltəraş çətin bir işin öhdəsindən gələrək müsəlman qadınlarına xas olan keyfiyyətləri şairənin obrazında birləşdirmişdir. Düşüncəli Şərq qadınını təcəssüm etdirən heykəlin hər bir cizgisi – paltarının qırışlarından tutmuş kəlağayısınadək, əlindəki qələmdən barmaqlarının vəziyyətinə qədər hər şey onu yaradıcı bir obraz, nəcib insan, milli xüsusiyyətlərə malik bir qadın kimi gözlərimiz önündə canlandırır.
Xalq rəssamı Oqtay Sadıqzadə tərəfindən 1983-cü ildə ərsəyə gətirilən portret isə Natəvanın şairə, xanım-xatın obrazının bədii təcəssümüdür. Təmtəraqlı planda düşünülmüş portretdə rəssam sərbəst vəziyyətdə oturmuş Xan qızını olduqca real təsvir etməyi bacarmışdır. Obrazın üzündə zərif, incə hisslər özünü büruzə verir, üzün cizgiləri və paltarının qollarındakı krujevanın naxışları ilə haşiyələnmiş əllərin zərif təsviri tamaşaçını valeh edir. Şairənin baş örtüyü, geyimi, xalı və s. detallar milli koloriti daha da gücləndirir. Natəvan bir əlini üzünə söykəmiş, digər əlində isə bir qızılgül tutaraq təsvir edilmişdir. Masanın üzərində isə şairənin şeirlər kitabı görünür. Rəssam obrazını onun yaradıcılıq fəaliyyəti ilə uyğun şəkildə təsvir etmişdir. Xan qızının mavi gözləri, bir qədər soyuq və sakit siması onun geyiminin mavi-gümüşü rənginə, rəngarəng qırçınlarına, çiyninə salınmış tirmə şalın isti rənglərinə uyğundur. Sənətkar burada müasir dövrün ideallarına sadiq qalan poetik, romantik obraz yarada bilmişdir. Xüsusilə vurğulamalıyıq ki, şairənin bu portreti rəssam tərəfindən uydurulmamışdır. Çünki Natəvanın yeganə fotosu zəmanəmizədək gəlib çatmışdır. O.Sadıqzadə Natəvanın ən xarakterik cizgilərini götürərək, öz düşüncələrini, baxışlarını əlavə edərək yeni bir kompozisiya yaratmışdır.
Natəvanın abidələrindən biri də 1982-ci ildə Şuşada qoyulan büstüdür. Büstün müəllifi heykəltəraş Həyat Abdullayevadır. 1992-ci ilin 8 mayında Şuşa işğal olunandan sonra Natəvanın abidəsi ilə yanaşı, Üzeyir Hacıbəyli və Bülbülün büstləri də vandalizmə məruz qalmışdır. Abidələr ermənilər tərəfindən xaricə satılmağa aparılarkən Azərbaycan hökuməti tərəfindən əldə edilərək ölkəmizə gətirilmişdir. İşğal illərində Bakıda Milli İncəsənət Muzeyinin həyətində “Güllələnmiş heykəllər” adı ilə nümayiş olunmuşdur. Vətən müharibəsində Qarabağımız, Şuşamız azad olunandan sonra 2021-ci ilin yanvarında hər üç büst qala-şəhərimizdəki yerinə qaytarılmışdır.
Xalq rəssamı Altay Hacıyevin fırçasında da Xurşidbanu Natəvan mövzusu öz zəngin bədii həllini tapmışdır. İncəlik rəmzi olan bu xanımın zəngin daxili aləmini rəng çalarları ilə açmağa çalışan A.Hacıyev portretdə onun kövrək, həssas duyğularından, şairanə dünyasından, könül çırpıntılarından xəbər verir. Rəssamın yaradıcılığında bu obraz olduqca tutumlu, parlaq bədii əksini tapmışdır.
Natəvan obrazına müraciət edənlərdən biri də istedadlı heykəltəraş İmran Mehdiyevdir. Onun ən uğurlu işlərindən biri şairənin heykəlidir. Zəngin geyinmiş Xan qızının oturmuş vəziyyətdə hazırlanmış fiquru plastik həllinə və yapma incəliklərinə görə fərqlənir. Müəllif bürüncdən hazırladığı heykəldə el arasında böyük nüfuz sahibi olan şairənin obrazını lirik-psixoloji tutumlu, yaddaqalan şəkildə verə bilmişdir. Əsərdə Natəvanın düşüncəli və qəmli görkəmi onun həyatının təzadlı, ağrılı-acılı keçdiyinə bədii işarə kimi qəbul olunur. Gənc heykəltəraşın bu dəyərli sənət nümunəsi 2016-cı ildə Belçikanın Vaterlo şəhərində parkda ucaldılmışdır.
Ümid edirik ki, bundan sonra da Xurşidbanu Natəvanın bənzərsiz yaradıcılığını və məğrur şəxsiyyətini əks etdirən təsviri sənət əsərləri yaranacaq, Xan qızının ədəbiyyat və sənət qarşısında xidmətləri yaşadılacaq.
Toğrul Cəfərli
Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi