Rauf Hacıyevin doğum günündə məzarı ziyarət olundu

 

Mayın 15-də görkəmli bəstəkar, ictimai xadim, Azərbaycanın və SSRİ-nin Xalq artisti Rauf Hacıyevin (1922-1995) anadan olmasının 100 illiyi tamam oldu.

Bu münasibətlə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri, bəstəkarın adını daşıyan 15 nömrəli Uşaq musiqi məktəbinin kollektivi və musiqiçinin ailə üzvləri Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər. Məzarın önünə nazirlik və musiqi məktəbi adından əklillər qoyulub.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev mərasimdə çıxış edərək Rauf Hacıyevin musiqi mədəniyyətimizdəki yerindən söz açıb. Qeyd edib ki, sənətkarın zəngin yaradıcılıq irsi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 13 aprel 2022-ci il tarixdə Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncam bu diqqətin bariz nümunəsidir. İl ərzində böyük musiqi xadiminin yubileyi ilə bağlı müxtəlif tədbirlər təşkil olunacaq, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrə bir daha nəzər salınacaq.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşı Turan Məmmədəliyeva bildirib ki, Rauf Hacıyev müxtəlif janrlarda əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar ərsəyə gətirib, uğurlu səhnə təcəssümünü tapmış operettalar yazıb. Onun milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olub və bu janrın inkişafında əhəmiyyətli rol oynayıb. Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak edib, 1965–1971-ci illərdə Azərbaycan SSR-in mədəniyyət naziri işləyib.

Bəstəkarın ailəsi adından nəvəsi İradə Abbaslı çıxış edərək babasının yaradıcılığına göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, Rauf Hacıyevin “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Yolayrıcında”, “Romeo mənim qonşumdur” operettaları, “Şeyx Sənan”, “Səbuhi”, “Həzi Aslanov” simfonik poemaları, “Səməd Vurğun” kantatası və digər əsərləri bəstəkarın yaradıcılığının zənginliyindən xəbər verir. Müəllifin “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla” və s. mahnıları müğənnilərin repertuarında geniş yer tutub. Rauf Hacıyev “Əhməd haradadır?”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s. filmlərə yaddaqalan musiqilər yazıb.