İstanbul və Ankaranın mədəni irsi iki festivalda bir araya gələcək
İstanbul və Ankaranın tarixi və müasir mədəniyyət sərvətlərinə canlılıq qatmaq, hər iki şəhərin mədəni irsini dünya vitrininə çıxarmaq məqsədilə həyata keçirilən “Bəyoğlu və Paytaxt Mədəniyyət Yolları” layihəsi eyni vaxtda iki festivalda sənətsevərlərlə görüşəcək.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 28 may – 12 iyun tarixləri arasında keçiriləcək festivallarda “yeddidən yetmişədək” – hər kəs üçün nəzərdə tutulmuş geniş məzmunlu 2 minə yaxın tədbir və bu tədbirlərdə 6 mindən çox sənətçinin iştirakı nəzərdə tutulub.
Nazirliyin təşkilatçılığı ilə İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində layihənin təqdimat mərasimi keçirilib.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy çıxış edərək diqqətə çatdırıb ki, 2021-ci il oktyabrın 29-da İstanbulun Beyoğlu rayonda şəhərin ən böyük mədəniyyət və sənət məkanı – Atatürk Mədəniyyət Mərkəzinin açılışı ilə 29 oktyabr – 14 noyabr tarixlərini əhatə edən “Beyoğlu Mədəniyyət Yolu” festivalı da başlamışdı. Həmin festival boyu ümumilikdə 78 məkanda 2100-dən çox sənətçinin iştirakı ilə 381 tədbir keçirilmiş və bu tədbirlərin ümumilikdə 7,8 milyon ziyarətçisi olmuşdu.
Qeyd edək ki, “Beyoğlu Mədəniyyət Yolu” Atatürk Mədəniyyət Mərkəzindən Qalataportadək uzanaraq bir çox sənət məkanlarını əhatə edir.
Nazir bildirib ki, bu il belə bir mədəniyyət festivalının başqa şəhərlərdə də keçirilməsini və bunun ənənəyə çevrilməsini qərara alıblar. Bu baxımdan bu il 28 may – 12 iyun arasında gerçəkləşəcək “Beyoğlu Mədəniyyət Yolu” ilə yanaşı paytaxt Ankarada da mədəniyyət festivalını da keçiriləcək. “Beyoğlu Mədəniyyət Yolu” bu il 53 mədəniyyət-sənət qurumunun iştirakı ilə 84 yerdə 1500-dən çox festival proqramına ev sahibliyi edəcək. Eyni zamanda Ankarada da silsilə tədbirlər – sərgilər, konsertlər, təqdimatlar olacaq.
Festivalların önəmindən danışan Mehmet Nuri Ersoy bildirib ki, məqsədləri şəhərlərin mədəni, memarlıq və tarixi miraslarına bir daha diqqət çəkmək, həmçinin fərqli mədəniyyətlərin təcrübələrini yaymaqdır.
Nazir festivalların ev sahibi şəhərlərin və bölgələrin sosial həyatının zənginləşməsinə, mədəni irsinin qorunmasına, sahib olduqları dəyərlər vasitəsilə inkişafına və beynəlxalq səviyyədə tanınmasına böyük təsiri olacağını da qeyd edib.
Hər iki festivalda biletli proqramlarla yanaşı daha çox insanların yararlanması üçün pulsuz və açıq hava səhnələri də olacaq. Festival boyunca uşaqlar və uşaqlı ailələr üçün özəl proqramlar təşkil olunacaq, o cümlədən dünya səhnələrinin tanınmış simaları pulsuz açıq hava konsertlərində istanbullular və ankaralılarla görüşəcəklər.
Təşkil olunacaq proqramlarla bağlı hər festivalın saytları vasitəsilə məlumat almaq mümkündür:
http://www.beyoglukulturyolu.com/
Mehparə Sultanova
Ankara