Milli mədəniyyət milli siyasətin istinad etdiyi başlıca istiqamətlərdən biridir. Bu mənada muzeylər digər sahələrə nisbətən milli psixologiyanı daha dürüst və obyektiv əks etdirir. Muzeylər, arxivlər, kitabxanalar, tarix və memarlıq abidələri hər bir xalqın mədəni irsini mühafizə edən mədəniyyət ocaqlarıdır.

Cəmiyyətin inkişafının keçid dövrü olan transformasiya dövründə, dövlətin yeni siyasi-iqtisadi və mədəni əsaslarının formalaşmağa başladığı dövrdə muzeylərin rolu danılmazdır. Milli sərvətin unikal qoruyucusu kimi, muzeylər özlərinin bilik kolleksiyasına müasir cəmiyyətin mədəni sərvətlərini daxil edirlər.

Müasir dövrdə muzeylərin rolu və yeri əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bu, muzeylərin passiv iştirakdan müasir həyata aktiv şəkildə daxil olması ilə əlaqədardır.

Cəmiyyəti zamanın çağırışlarına hər zaman hazır olmağa səsləyən tələblər müasir hadisələrin gedişatının reallığıdır. Bu tədbirlər muzeylərin fəaliyyətinə də aid edilə bilər, çünki bu gün muzeylər təkcə mədəni irsi qorumaq məkanı deyil, eyni zamanda xalqın tarixini müxtəlif yönləri ilə əks etdirir.

Muzeylər daim zənginləşmə məkanı kimi ümumbəşəri dəyərlərə qoşularaq öz xalqının tarixi irsinə marağı təmin edir. Lakin nəzərə almaq lazımdır ki, o mədəniyyət təsisatları mədəniyyətin uzunömürlülüyünü təmin edə bilər ki, onlar dialoq və tənqidi təfəkkür üçün forum rolunu oynasın.

Danılmaz həqiqətdir ki, muzeyin insanın həyatındakı ictimai, mədəni əhəmiyyətini başa düşmək və qiymətləndirmək yalnız tarixi inkişafın öyrənilməsi şəraitində mümkündür. Hadisə və faktların tarixi bağlılığına etinasız yanaşmanın hər bir tədqiqatında, o cümlədən muzeyşünaslıqda nəzəri və təcrübi səhvlərə gətirib çıxarması labüddür. Mədəni həyatın modernləşdirilməsi prosesləri əsrlər boyu inkişaf konsepsiyasında ifadə olunaraq muzey mühitində də öz əksini tapır.

Bu gün muzey ekspozisiyası vasitəsilə yaxın keçmişə qədər bağlı qalan mövzular aktuallaşır. Muzeylərə maraq artıb və tamaşaçılar muzeylərin fəaliyyətindən daim innovativ yeniliklər gözləyirlər.

Ətrafında iş qurulan klassik muzey yaradıcılığının əsası toplama işidir. Muzeyin fondları keçmişin şahidlik etdiyi qiymətli xəzinəsi, elmi-mədəni informasiya resurslarının baza hissəsidir. Onlar həmişə ictimai və elmi maraq predmeti olaraq qalacaq. Muzey eksponatlarının nadir olması, kolleksiyanın tamlığı, onların elmi dövriyyəyə buraxılması onun əhəmiyyətinin göstəricisidir. Lakin muzey əməkdaşlarının haqlı olaraq qeyd etdiyi kimi, o, tək buna görə yaşamır və yaşamamalıdır. Bəşər sivilizasiyasının mədəni irsinin bir parçası kimi muzey kolleksiyasının sosial əhəmiyyəti tarixi proseslərin gedişində birləşdirici həlqə kimi dominant rolunu oynayır. Burada isə əsas rolu muzey eksponatının əsas xüsusiyyəti olan informasiya vermək, tipik və unikal, mənalı, təsirli olanı nümayiş etdirmək bacarığı oynayır.

Gənc nəslin hərtərəfli inkişafında, cəmiyyətimizin yüksək mədəniyyətə malik üzvləri kimi formalaşmasında, mədəni dəyərlər üzrə tədqiqatçılıq fəaliyyətinin inkişaf etdirilməsində muzeylərin rolu böyükdür. Gənclərin muzeylərimizə ekskursiyaları onları düşündürür, mədəni dəyərlər üzrə əlavə məlumatlar almaq üçün tədqiqatçılıq fəaliyyətinə və axtarışlara yönəlirlər.

Qeyd edək ki, xalqımızın mədəniyyəti onun yaşı qədər qədimdir. Tarixi abidələrimiz, əl işləri nümunələrimiz, yaddaşlarda əbədiləşən adət-ənənələrimiz, folklor örnəklərimiz nəsildən-nəslə keçərək bu günümüzə qədər gəlib çatmışdır. Milli-mənəvi dəyərlərimizə nəzər saldıqda ulularımızın keçdiyi böyük, keşməkeşli həyat yolu gözlərimiz önündə canlanır. Şübhəsiz, gənc nəsil tariximizi öyrənərkən qədim dövrün daş kitabələrinə, eksponatlarına, əlyazmalarına, qiymətli əşyalara, xalçaçılıq və dulusçuluq nümunələrinə və s. müraciət edir. Ölkəmizin hər guşəsi xalqımızın daş yaddaşı olan abidələrlə, tarix yadigarları ilə zəngindir. Bunları aşkar etmək, toplamaq, müvafiq nümunələri muzeylərin sərvətinə çevirmək əsl vətəndaşlıq borcudur. Bu nəcib işi milli-mədəni irsimizin qorunması və təbliği missiyasını muzeylərimiz ardıcıl və məqsədyönlü şəkildə həyata keçirir.

***

Naxçıvan Dövlət Tarix Muzeyinin kolleksiyaları xalqımızın tarixi keçmişini, eramızdan əvvəlki dövrü, Orta əsrləri, xalqın adət-ənənələrini əks etdirən eksponatlarla zəngindir. Muzeydəki eksponatlar müasirlərimizə əcdadlarımızın həyat tərzi, məşğuliyyəti haqqında zəngin məlumat verir. Azərbaycanın qədim tarixini əks etdirən bölmədə müxtəlif eksponatlar vasitəsilə muxtar respublikamızın ərazisində mövcud olmuş qədim dövlətlər, o dövrün təsərrüfatı, ictimai vəziyyəti, məişəti, mədəniyyəti və s. barədə geniş məlumat alırıq.

Orta əsrlər tarixinə aid ekspozisiyada Azərbaycan xalqının öz azadlığı və istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizələr, başqa xalqlarla əlaqəsi, feodal dövlətlərinin tarixi, xalqımızın etnoqrafiya və məişəti, ictimai xadimlər, dövrün elm və mədəniyyətinə aid materiallar nümayiş etdirilir.

Azərbaycan xalçaçılığının tarixi çox qədimdir. Arxeoloji qazıntılar zamanı tapılan parça qalıqları Qafqazda toxuculuğun hələ Neolit dövründə mövcud olduğunu sübut edir. Qədim dövrdə azərbaycanlılar toxuma sənətini müxtəlif ot, ağac qabığı və qamışlar üzərində öyrənmiş, zaman keçdikcə daha da təkmilləşdirmişlər. Sonralar əhliləşdirilmiş heyvanın yunundan xammal kimi istifadə edərək müxtəlif çeşnili xalçalar toxumağa başlamışlar.

Əsrlər boyu müxtəlif texnoloji və bədii inkişaf mərhələləri keçən Azərbaycan xalçaları dünyanın bir çox ölkələrində böyük şöhrət qazanmışdır. Bunun başlıca səbəbi xalçalarımızın özünəməxsus orijinal kompozisiyası, simvolik məna daşıyan bəzək möcüzələri, habelə insanın hisslərini oxşayan rəng koloritidir.

Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən xalçaların, kilimlərin, xurcunların üzərindəki nəfis naxışlar öz gözəlliyi, milli koloriti və yüksək sənətkarlığı ilə dünya sənətşünaslarını heyran edir. Nənələrimiz, analarımız, qızlarımız sevə-sevə toxuduqları xalçalarda öz təfəkkür və hisslərini insan qəlbini riqqətə gətirən sirli-sehrli əlvan naxışlarda təcəssüm etdirmişlər.

***

Milli-mədəni irsimizin qorunması və təbliği işini günün tələbləri səviyyəsində qurmalıdır. Bu mənada, muzeylərimizin üzərinə daha məsuliyyət düşür. Onlar ekspozisiyalarında bölgələrdə olan abidələr haqqında elmi araşdırmalara əsaslanan materiallar, izahlı mətnlər, sitatlar, etiketlər, rəngli fotoşəkillər təqdim etməlidirlər. Ekspozisiyanın daha zəngin və maraqlı olması üçün abidələrin maketlərini və mulyajlarını yaratmaq xüsusilə zəruridir. Mövcud abidələrin mühafizə problemləri və bərpa prosesindən fraqmentlər verilməlidir. Muzeylərimizdə qorunan tarix yadigarlarının gənc nəsildə əhatəli bilik, bacarıq və vərdişlər, geniş dünyagörüşü yaratması üçün bütün imkanlar səfərbər olunmalıdır. Yeni nəsillərin öz soykökünə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərimizə əsaslanan, ailəsini, vətənini, millətini sevən və onu daimi ucaltmağa çalışan vətənpərvər insan yetişdirilməsi işində muzeylərimizin imkanlarından maksimum istifadə edilməlidir.

Zenfira Seyidova
Naxçıvan Dövlət Universitetinin müəllimi