BMT-nin baş katibinin Dünya Turizm Günü münasibətilə müraciəti yayılıb
   
   BMT-nin baş katibi Ban Ki-Moon 27 sentyabr - Dünya Turizm Günü münasibətilə turizm sənayesində çalışan insanlara müraciət edib. O bildirib ki, BMT-nin Dünya Turizm Təşkilatı builki Dünya Turizm Gününü «Turizm mədəniyyətlər arasında əlaqə yaradan vasitədir» şüarı ilə qeyd edir. Baş katibin sözlərinə görə, bütün dünyada turizm gününün məhz bu şüar altında qeyd edilməsinin səbəbi odur ki, turizm insanlar arasında qarşılıqlı anlaşmanı və hörməti təmin edir: «Öz təcrübən üzərində yeni mədəniyyətlə tanış olmaq ən yaxşı yoldur. Turizm qonağın mənsub olduğu ölkə ilə onu qəbul edən ölkə arasında çox etibarlı əlaqə yaradan sahədir. O, xalqlar arasında dialoqun və qarşılıqlı əməkdaşlığın əsasını qoyur. Müxtəlif mədəniyyətlərə mənsub insanlar arasında bu cür əlaqələr uzun illər davam edir. Daim sülhün bərqərar olması uğrunda mübarizə aparan dünyada turizm ən yaxşı körpü və vasitəçi rolunu oynaya bilər».
   BMT baş katibi müraciətində qeyd edib ki, turizm sahəsindən əldə edilən gəlir xalqlar arasında qlobal həmrəyliyə şərait yaradır. Dünya iqtisadiyyatı hər hansı böhranla qarşılaşdıqda həmişə kasıblar və varlılar arasındakı fərqin aradan qaldırılmasında və sosial-iqtisadi imkanların yaradılmasında turizm faktoru önə çəkilir: «Mən turizm sektoruna aid olan hər bir kəsi Qlobal Turizm Etika Kodeksinin 10 əsas prinsipinə əməl etməyə səsləyirəm. Bu ekoloji təhlükəsiz və məsuliyyətli turizmin aparıcı prinsipləri BMT Baş Assambleyasının 2001-ci ildə qəbul etdiyi əsasnamədə təsbit edilib. Bu, turizm və dünya, insan haqları və qarşılıqlı anlaşma üzərində qurulan və zamanın sınağından keçmiş prinsiplərdir.
   Hər il sentyabrın 27-də qeyd edilən Beynəlxalq Turizm Günü turizmin dünyanın firavanlığında oynadığı rolu insanların diqqətinə çatdırmaq üçün ən yaxşı imkandır. Gəlin, səyahətlərimiz zamanı digər mədəniyyətlərlə ünsiyyət quraq. Bu günü qeyd etməklə, turizmin tolerant, bütöv və hər şeyə açıq olan dünyanın formalaşmasındakı rolunu önə çəkək». 
   

  Fəxriyyə Abdullayeva