Yeni nəşr işıq üzü görüb
Bu günlərdə turizm haqqında daha bir nəşr işıq üzü görüb. BMT-nin İnkişaf Proqramının Azərbaycanda turizmin inkişafı layihəsi çərçivəsində hazırlanan «Turizm sahəsində çalışanlar üçün məlumat kitabı» Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Turizm Assosiasiyası və Bakı Turizm İnformasiya Mərkəzinin ekspertlərinin iştirakı ilə ərsəyə gəlib.
Kitabın müəllifləri BMT-nin İnkişaf Proqramının Azərbaycanda turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov, Turizm İnstitutunun prorektoru Eldar Aslanov, ATİ-nin baş müəllimi Flora Ələsgərova, Tədqiqat və İnkişaf Mərkəzinin əməkdaşları Könül Xəlilova və Güllü Baharlıdır.
Kitab haqqında məlumat verən Eldar Aslanov bildirdi ki, yeni nəşr ölkəmizin turizm sektorunda çalışanlara «Turizm ili» çərçivəsində edilən hədiyyədir. Doqquz fəsildən ibarət olan kitabın birinci fəslində Azərbaycan turizminin tarixi, coğrafiyası, təbii şəraiti, tarixi-mədəni abidələri, xalqımızın qonaqpərvərlik mədəniyyəti, tolerantlığı və milli mətbəxi haqqında ətraflı məlumatlar yer alıb. 2-ci və 3-cü fəsillərdə Mədəniyyət və Turizm Nazirliyi, ATİ, Azərbaycan Turizm Assosiasiyası, «Skal» Bakı klubu, BMT-nin İnkişaf Proqramının Azərbaycanda turizmin inkişafı layihəsi, turizm informasiya mərkəzləri şəbəkəsi, turizm üzrə layihələr həyata keçirən qeyri-hökumət təşkilatları haqqında, beynəlxalq turizm qurumları, o cümlədən Dünya Turizm Təşkilatı, Turizm və Səyahətlər Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. haqqında məlumatlar verilir. Növbəti fəsildə turizmlə bağlı milli qanunvericiliyə aid, eləcə də ölkəmizdə ilk dəfə olaraq qəbul edilən beynəlxalq sənədlərə yer ayrılıb. Kitabın 5-ci fəsli turizm biznes obyektlərini əhatə edir. Burada turoperatorlar, turagentliklər, hotellər, istirahət komplekslərindən bəhs olunur.
«Uğurlu turizm layihələri» adlı 6-cı fəsildə dünyanın inkişaf etmiş ölkələrində reallaşdırılan iri turizm proqramları, həmçinin Azərbaycanla bağlı bir neçə cəlbedici böyük turizm layihələri haqqında məlumatlar toplanıb. Kitabın daha bir fəsli turizm təhsilinə həsr olunub.
Yerli və xarici təşkilatlar, turizm sahəsində fəaliyyət göstərən beynəlxalq qurumların veb səhifələri ilə bağlı məlumat əldə etmək istəyənlər kitabın «Faydalı linklər» bölümündən yararlana bilərlər. Nəhayət, nəşrin 9-cu fəsli «Turizm terminlərinin izahlı lüğəti» adlanır. Burada turizm sahəsində çox işlənən 100-ə yaxın turizm termini, onların açılışı və tərcüməsi yer alıb.
«Turizm sahəsində çalışanlar üçün məlumat kitabı»nın turizmçilərin stolüstü kitabı olacağına inandığını deyən E.Aslanov bildirdi ki, nəşr yaxın günlərdə geniş ictimaiyyətə təqdim ediləcək. Kitab arzu edənlərə pulsuz paylanacaq.
Fəxriyyə Abdullayeva