Mayın 13-də böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti Qara Qarayevin (1918-1982) vəfatının 40-cı ildönümü tamam oldu. Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində “Dahisiz keçən 40-cı ilimiz” adlı konsert proqramı təqdim edildi. Tədbir çərçivəsində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin (MİM) yaranmasının 85 illiyi də qeyd edildi.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova açaraq dahi bəstəkarın həyat və yaradıcılığı haqqında danışdı. Diqqətə çatdırdı ki, sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olub. Q.Qarayev yeni bəstəkarlar nəslinin yetişməsinə mühüm töhfələr verib. Onun bənzərsiz yaradıcılığı musiqi mədəniyyətimizi zənginləşdirib. Nizami Gəncəvinin eyniadlı poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunub. Bəstəkarın “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun”, “Vyetnam süitası” əsərləri bəstəkar yaradıcılığının dəyərli səhifələridir. Sənətkarın “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə, eləcə də teatr tamaşalarına yazdığı musiqilər yaddaşlarda silinməz iz qoyub.

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli dahi bəstəkarın Azərbaycan və dünya musiqisi tarixində əvəzsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki,  24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayev A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kantataları Azərbaycan klassik musiqisinin gözəl nümunələridir.

Ə.Qarayusifli rəhbəri olduğu məktəbin 85 illik fəaliyyəti dövründə əldə etdiyi uğurlar haqqında da danışdı.

Çıxışlar Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxivində qorunan materiallar əsasında hazırlanan, dahi bəstəkarın həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət olundu.

Tədbir məktəbin müəllim və şagirdlərinin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə başa çatdı.

Savalan