Özbəkistanın “BizTV” telekanalında “Mədəniyyət mərkəzləri” adlı yeni proqramda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) haqqında reportaj nümayiş etdirilib.
Telekanalın baş redaktoru Jaloliddin Mirzoyev proqramın ilk buraxılışının AMM-ə həsr olunduğunu vurğulayıb.
Verilişdə AMM-in direktoru Samir Abbasovun 2010-cu ildə açılan mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətlərimiz, habelə iki ölkə arasında tarixi dostluq, əməkdaşlıq, mədəni əlaqələrə dair fikirləri yer alıb. Direktor Prezident İlham Əliyevin mərkəzin açılışında dediyi sözləri də diqqətə çatdırıb: “Bu mərkəz Azərbaycan və Özbəkistan dostluğunun rəmzidir...” .
Verilişdə AMM-də yaradılmış Heydər Əliyev muzeyi, habelə “Azərbaycanın dövlətçilik tarixi muzeyi”, “Odlar yurdunun naxışları” adlı xalça muzeyi haqqında da söhbət açılıb. Mərkəzin nəzdində Azərbaycan dili, kompüter kursları, milli rəqslər, rəsm, əl işləri, fortepiano dərnəklərinin fəaliyyəti xüsusi qeyd olunub. AMM-in nəzdində fəaliyyət göstərən Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblından da söz açılıb, milli rəqslərimizin Özbəkistanda təbliği barədə süjet nümayiş etdirilib.