Mayın 14-dən 15-nə keçən gecə İtaliyanın Turin şəhərində 66-cı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi gerçəkləşib.

25 ölkə təmsilçisinin səhnəyə çıxdığı final gecəsində Ukraynanın “Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə 631 səs qazanaraq birinci olub.

Böyük Britaniya (Sam Ryder – “Space Man” mahnısı) 466 xalla ikinci, İspaniya (Chanel – “SloMo” mahnısı) 459 səslə üçüncü yeri tutub.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı olub. Səsvermədə iştirak edən 39 ölkədən 19-u Azərbaycana səs verib. Təmsilçilərimiz ən yüksək xalı (12) İspaniya, Serbiya və Yunanıstandan alıblar.

Qeyd edək ki, “Avroviziya”nın yekunu qalmaqalsız ötüşməyib. 6 ölkənin – Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marinonun münsifləri adından göndərilən səslər müsabiqə təşkilatçıları tərəfindən “texniki qəribəlik” göstərilərək qəbul olunmayıb və bu ölkələrin səsvermə nəticələri kimi yarımfinalda elan olunmuş müvafiq xallar final tablosunda açıqlanıb.

Bununla bağlı “Avroviziya”nın milli yayımçısı olan İctimai Televiziyanın açıqlamasında diqqətə çatdırılır ki, Azərbaycan münsif heyəti adından Ukraynaya 12 xal verildiyi halda, final tablosunda 6 bal göstərilib. Məsələ ilə bağlı “Avroviziya” müsabiqəsinin təşkilatçısı Avropa Yayım Birliyinin də müvafiq araşdırmadan sonra açıqlama verəcəyi bildirilir.

Beləliklə, növbəti ildə 67-ci “Avroviziya” mahnı müsabiqəsini qəbul etmək hüququnu Ukrayna qazanıb. Qeyd edək ki, 2004-cü ildən bu yana Ukrayna üçüncü dəfə “Avroviziya”nın qalibi olur. Lakin Ukraynada davam edən müharibənin “Avroviziya-2023”ün keçirilməsini nə dərəcədə mümkün edəcəyi suallar doğurur. Artıq indidən müsabiqənin ikincisi olmuş Böyük Britaniyanın nümayəndələri gələn il “Avroviziya”ya ev sahibliyi etməyə hazır olduqlarını bildiriblər.

V.Kamal