Uşaqlıq illərimizdən bizə yaxşı tanış olan “Sirab” təbii mineral müalicəvi süfrə suyu!... O vaxtlar yarım litrlik şüşə qablarda istehsalçılara çatdırılan bu neməti hər gün evimizdə görürdük - indiki kimi süfrəmizin bəzəyi idi. Süfrəyə yemək gəlməzdən əvvəl sevimli suyu stəkanlara doldurardıq. Anamızın “ay uşaq, az iç bu suyu, xörək yeyə bilməzsən” sözlərinin cavabını atamız verirdi: “Ay qız, narahat olma, “Sirab”dı, bunun ziyanı olmaz!”. Hərdən evdə “ehtiyatımız” tükənəndə atam - işdən yorğun-arğın gəlməsinə baxmayaraq - yaxınlıqda yerləşən su pavilyonuna yollanardı, biz də onun ardınca yüyürərdik. Hərəmiz əlimizdə bir şüşə “Sirab” gətirərdik. “Hələlik” bəs idi. Bilirdik ki, vaxt tapan kimi atamız evə bu sevimli suyu qutu ilə alıb gətirəcək.
   61 illik istehsal tarixi olan “Sirab” bu gün də öz şöhrətini saxlamaqdadır. Elə ev tapılmaz ki, təbii mineral müalicəvi süfrə sularının böyük qardaşı “Sirab” orada özünə layiq yer tutmasın.
   Azərbaycanın müstəqilliyinin 20 ili ərzində “Sirab” da mühüm inkişaf yolu keçib. Babək “Sirab” ASC-nin məhsulu indi müxtəlif həcmli plastik qablarda (qazlı və qazsız) istehsal olunaraq süfrələri bəzəyir. Bu yaxınlarda istehsalçılar xeyriyyə aksiyası keçirərək bir neçə “Sirab” alana öz hədiyyələrini də bağışladılar. Azərbaycanımıza dünyanın müxtəlif yerlərindən səfər edən turistlər də “Sirab”ın lətafətinə yaxşı bələddirlər. Uzun yollarda onlara yoldaşlıq edən “Sirab”ın dadı-tamı hələ xeyli vaxt damaqlarından getməyəcək. Turistlərin yol yoldaşı, suların böyük qardaşı “Sirab”ın şöhrəti hələ neçə-neçə ölkələrə gedib çatacaq. 

   İradə