Rostropoviçlərin ev-muzeyi “Dəniz Mall”da konsert təşkil edib
18 may – Beynəlxalq Muzeylər Günü muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərmək baxımından əlamətdar fürsətdir.
Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin təşkilatçılığı ilə mayın 14-də paytaxtdakı “Dəniz Mall”da “Klassik musiqi fləşmobu” keçirilib.
Tədbirdə Prezident təqaüdçüləri, respublika və beynəlxalq müsabiqələr laureatları Ş.Ağazadə, N.Hüseynzadə, H.Hacızadə, M.Paşazadə, X.Mirqulamlı, A.Rüstəmzadə, Ş.Rəsulova, K.Talıblı, N.Həsənli, E.Babayev, M.Tağıyev, Ə.Günəşov Ü.Hacıbəylinin “Arazbarı” zərbi-muğamı, “Sarı gəlin” xalq mahnısı, C.Gerşvinin “An American in Paris”, Q.Qarayevin “İldırımlı yollarla” əsərlərindən parça ifa ediblər.
Həmçinin xüsusi olaraq tədbir üçün hazırlanmış, muzey haqqında məlumat xarakterli flayer dinləyicilərə və şəhərimizin xarici qonaqlarına paylanılıb.
“Klassik musiqi fləşmobu” həmin gün ticarət mərkəzinə gələn insanlara yüksək musiqi zövqü yaşadaraq böyük maraqla qarşılanıb.
Rostropoviçlərin ev-muzeyi aksiyaya verdiyi dəstəyə görə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və “Dəniz Mall”ın rəhbərliyinə təşəkkürünü bildirib.