19-20 may tarixlərində mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Mədəniyyət naziri Anar Kərimov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edəcək.
Tədbirdə bir neçə plenar sessiyanın keçirilməsi nəzərdə tutulub. Beynəlxalq layihənin qonaqları sırasında İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amrayev, Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos, Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər rəsmilər iştirak edəcək. Konfransda həmçinin “Mədəniyyət naminə sülh” proqramının İSESCO –ya daxil olan məsələlər planı müzakirə ediləcək.
“Mədəniyyət naminə sülh” qlobal çağırışının əsas istiqaməti post münaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir. Plenar sessiyalarda regional ekosistemin qorunması, mədəni irsin qorunmasının gələcək perspektivləri, mədəni irsin qorunmasının sülhə, dialoq və əməkldaşlığa töhfəsi, mədəni irs davamlı sülhün təməli kimi, postkonfliktdən sonrakı dövrdə qurulan dialoqlarda mədəniyyətin rolu, keçmiş çağırışlar – gələcək perspektivlər: irsin idarə olunması siyasətinin urbisid kontekstində tətbiqi mövzusunda müzakirələr dinləniləcək.