Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin yazıçılar birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil olunan “Məclisi-fəramuşan” poeziya məclisinin növbəti görüşü keçirilib.

Onlayn formatda keçirilən görüşdə çıxış edən AMM-in direktoru Samir Abbasov 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edildiyini və bu münasibətlə Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda çoxsaylı tədbirlərin, layihələrin reallaşdığını bildirib. O, bir əsrdən sonra bərpa olunan məclisin keçirilməsinin əhəmiyyəti, onun iki ölkə arasında dostluğun, əməkdaşlığın inkişafına töhfəsi, yeni istedadların üzə çıxarılması və Türk dünyası arasında ədəbi əlaqələrin genişlənməsinə dəstək olacağını qeyd edib.

S.Abbasov ötən ay “Məclisi-fəramuşan” poeziya görüşlərinin Azərbaycanın  mədəniyyət paytaxtı Şuşada keçirildiyini və hər iki ölkə rəsmilərinin, mədəniyyət, ədəbiyyat xadimlərinin həmin tədbirdə iştirak etdiklərini bildirib. Direktor Azərbaycan Televiziyasının “Körpü” verilişinin bütövlükdə Şuşada keçirilən “Məclisi-fəramuşan” poeziya görüşünə həsr olunmasını əlamətdar hadisə kimi vurğulayıb.

S.Abbasov növbəti illərdə məclisə Türk dünyasının digər ölkələrinin ədəbiyyat, yaradıcılıq təşkilatlarının, şairlərinin də cəlb ediləcəyini söyləyib.

Daha sonra hər iki ölkənin şairləri öz şeirlərini təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan tərəfdən məclisin moderatoru AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair Fuad Cəfərli, Özbəkistan tərəfindən Özbəkistan Yazıçılar İttifaqının üzvü, şairə Nargiz Asadova olub.

Məclisdə səsləndirilən şeirlər ilin sonunda Azərbaycan Mədəniyyət Nazirliyi və AMM-in layihəsi əsasında Azərbaycan və özbək dillərində nəşr olunacaq.