Mayın 18-də Azərbaycan Milli Kitabxanasında tanınmış kitabxanaşünas-alim, pedaqoq Rasim Kazımovun (1932-2008) 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Rasim Kazımovu Azərbaycan kitabxanaşünaslığının patriarxı sayılan Abuzər Xələfovdan sonra bu sahədə ən görkəmli alim olduğunu deyib: “Qürurvericidir ki, Rasim Kazımov əmək fəaliyyətinə məhz Milli Kitabxanada başlayıb. Daha sonra o, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin edilib. R.Kazımovun ruhu şaddır, çünki bu gün ailəsi, tələbələri, yaxınları onun əziz xatirəsini anır. Neçə on illər keçsə də, gənc kitabxanaşünaslar Rasim müəllimin kitablarından bəhrələnəcək, ona istinad edəcəklər.

Sonra Milli Kitabxananın hazırladığı “Kitabxanaşünas-alim Rasim Kazımov” (http://anl.az/el/emb/R.Kazimov/index.html) adlı elektron məlumat bazası təqdim edilib. Bildirilib ki, elektron məlumat bazası “Rasim Əhməd oğlu Kazımovun həyatı, elmi-pedaqoji və təşkilati fəaliyyəti haqqında qısa oçerk”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Rasim Kazımov haqqında”, “Əsərləri” və “Fotoqalereya” bölmələrindən ibarətdir.

Bakı Dövlət Universiteti (BDU) Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının professoru Xəlil İsmayılov çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb, tələbələrinə qayğısı barədə danışıb.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı Rasim Kazımovun kitabxana işi sahəsindəki xidmətlərindən bəhs edib. Deyib ki, o öz əsərlərində kitabxanaşünaslığa fəlsəfi baxımdan yanaşırdı. Bu isə onun ziyalı ailəsində böyüməsindən irəli gəlirdi.

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev qeyd edib ki, Rasim Kazımov daima ən gözəl sözlərlə yad olunur. O, mayın 24-də MEK-da alimə həsr olunan dəyirmi masanın keçiriləcəyini diqqətə çatdırıb.

BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov, universitetin Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, direktor müavini Zahirə Dadaşova və başqaları Rasim Kazımovun elmi və pedaqoji fəaliyyətindən danışıblar.

Alimin ailə üzvləri adından qızı, Respublika Uşaq Kitabxanasının şöbə müdiri Leyla İbrahimova çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib və atası haqqında xatirələrini bölüşüb.

Sonda tədbir iştirakçıları Milli Kitabxananın fondunda mühafizə olunan Rasim Kazımova dair kitablardan ibarət sərgiyə baxıblar.