Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də ölkənin şimal rayonlarına səfəri gedişində bir sıra turizm obyektlərinin tikintisinin gedişi ilə tanış olmuş, yeni inşa olunan mədəniyyət və istirahət ocaqlarına, muzeylərə baş çəkmişdir.
   
   Şahdağ qış-yay turizm kompleksinin tikintisi sürətlə davam edir
   
   Dövlət başçısı Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi ilə tanış olmuşdur. Prezident İlham Əliyevə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkəmizin ən böyük infrastruktur layihələrindən olan bu kompleksin yaradılmasına 2006-cı ildən başlanmışdır. Dövlət başçısının diqqət mərkəzində olan bu nadir kompleksin tikintisinə nəzarəti həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin tərkibində Şahdağ qış-yay turizm kompleksinin müdiriyyəti yaradılmışdır. 2006-cı ildə elan edilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlmişlər. Kompleksin tikintisinə 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə başlanmışdır. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən kompleksin ümumi ərazisi 2 min 58 hektardır. Tikinti aparılan ərazi ekoloji sistemi, təmiz flora və faunası ilə məşhur olan Şahdağ Milli Parkının ərazisində yerləşir. Kompleks dəniz səviyyəsindən 1300-2351 metr hündürlükdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1640 metr hündürlükdəki təbii yaylaqda yerləşir. Tikinti işləri başa çatdıqdan sonra bu kompleksdə dağ-xizək idmanı və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar olacaq.
   Kompleks Azərbaycan və dünya turizm sənayesində ən möhtəşəm layihələrdən biri olmaqla dağ-xizək idmanının və digər qış idman növlərinin əsas, lakin yeganə olmayan məkanı kimi fəaliyyət göstərəcək. Turistlərin yayda burada dincəlmələri üçün də gözəl şərait yaradılacaq.
   Dövlət başçısının diqqətinə çatdırıldı ki, artıq kompleksdə tikinti işlərinin böyük hissəsi həyata keçirilmişdir. Lift bazasında inşaat işlərinin gələn ilin əvvəlinədək başa çatdırılması nəzərdə tutulur. 18 min 327 kvadratmetr ərazisi olan lift bazasında üçmərtəbəli bina da tikilmişdir. Bu binada inzibati mərkəzlə yanaşı, restoran, otel və digər yardımçı xidmətlər yerləşəcəkdir. Bundan əlavə, bazanın ərazisində avtomobillər üçün dayanacaq, uşaq bağçası, xizək icarə xidməti, terras, mağazalar da fəaliyyət göstərəcəkdir. Burada həmçinin ümumi sahəsi 37,6 hektar olan 6 eniş zolağı da qurulacaq.
   Prezident İlham Əliyev kompleksə gələn yolların genişləndirilməsi, ümumiyyətlə, burada yol infrastrukturunun mükəmməl formada qurulması ilə bağlı tapşırıqlarını verdi. Dövlətimizin başçısı kompleksdə uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları üçün də yüksək şəraitin yaradılmasına dair göstəriş verdi.
   Bildirildi ki, hazırda tikintinin birinci mərhələsi çərçivəsində turistlərin xizək enişinə çatdırılması üçün kanat yolları inşa olunur. 2, 4 və 9 nömrəli liftlərin quraşdırılması başa çatdırılmışdır. Uzunluğu 1484 metr olan 3 nömrəli liftin tikintisi də başa çatmaq üzrədir. Qar generatoru stansiyasının, yolların, elektrik xətlərinin, kanalizasiya sisteminin, rabitə və içməli su kəmərlərinin çəkilməsi də həyata keçirilir. Artıq kompleksdə kommunikasiya işlərinin 80 faizi yerinə yetirilmişdir. Turistlərin xizəkdə sürüşməsi üçün süni qarlaşdırma sistemi yaradılır. Bununla əlaqədar bütün enişlərdə qar generatorları quraşdırılmışdır. İndi bu sistemin sınaqdan keçirilməsi üçün hazırlıq işləri aparılır. Eyni zamanda, qarın yığılması və bərkidilməsi üçün xüsusi maşınlar alınmışdır.
   Prezident İlham Əliyevə kompleksdə çalışacaq heyət üçün inşa olunan 26 mənzilli dördmərtəbəli yaşayış binasının tikintisi barədə məlumat verildi. Qeyd olundu ki, burada bütün xidmətlərin göstərilməsi üçün tədbirlər həyata keçirilir. Belə ki, burada camaşırxana, 44 yerlik avtodayanacaq, idman mərkəzi və digər yardımçı sahələr yerləşəcək.
   Bildirildi ki, turizm kompleksini xarici kommunikasiya ilə təmin etmək üçün bir sıra obyektlərin inşası nəzərdə tutulmuşdur. Buraya 35 kilometrlik kanalizasiya sistemi, təmizləyici qurğusu olan içməli su kəməri, 29 kilometrlik fiber-lifli rabitə xətti, 31 kilometr uzunluğunda 110 kilovoltluq elektrik xətti, 35,7 kilometrlik orta təzyiqli qaz kəməri daxildir. İkinci mərhələdə isə 10-14 nömrəli kanat yollarının, qolf meydançası və restoranı olan klubun, dördulduzlu mehmanxananın, heyət üçün binanın, xırda mehmanxanaların, pansionat və idman qurğularının daxil olduğu “Şahdağ” Gənclər Mərkəzinin, 900 nömrəlik relaks mehmanxana şəbəkəsinin, at fermasının, 200 nəfərlik diskoteka binasının tikintisi nəzərdə tutulmuşdur. Üçüncü və dördüncü mərhələdə yol, istirahət və əyləncə yerləri şəbəkələrinin genişləndirilməsi planlaşdırılmışdır.
   Sonra dövlət başçısı kompleksə daxil olan dördulduzlu “Resort” hotelində tikinti işlərinin gedişi ilə tanış oldu. Bildirildi ki, iki mərtəbəsi yerin altında olmaqla ümumilikdə yeddimərtəbəli hotel 340 nəfər üçün nəzərdə tutulmuşdur. Bundan əlavə, hoteldə SPA mərkəzi, hovuz, xizək məktəbi, idman avadanlığının kirayəsi mərkəzi, kafe, bar, konfrans zalı fəaliyyət göstərəcək. Hotelin 149 avtomobil üçün dayanacağı da tikiləcək.
   Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, hotelin yaxınlığında daha bir beşulduzlu hotel inşa ediləcək. Bununla əlaqədar indi torpaq işləri görülür, yaxın gələcəkdə tikintiyə başlanacaq.
   Bildirildi ki, Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir.
   Turizm kompleksinin tikintisi ilə tanış olan dövlət başçısı daha sonra inşaat işlərini həyata keçirən yerli və xarici şirkətlərin rəhbərləri ilə müşavirə keçirdi.
   Prezident İlham Əliyev layihə çərçivəsində işlərin yüksək səviyyədə görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
   
   Qubada beşulduzlu “Riksos” hotelinin tikintisi ilə tanışlıq
   
   Prezident İlham Əliyev səfər çərçivəsində Qubanın Əski İqrığ kəndində beşulduzlu “Riksos” otelinin tikintisi ilə tanış olmuşdur. Obyektin ərazisi 65 hektardır. Baş plana əsasən ərazidə hotel kompleksinin zirzəmi ilə birlikdə 8 mərtəbəli binası, 16 kottec, ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar inşa ediləcək. 200 yerlik hotel kompleksində restoranlar, hovuz, idman meydançası və köməkçi obyektlər də olacaq. Hazırda hotel kompleksinin baş binasında monolit-dəmir beton konstruksiyalardan ibarət karkas quraşdırılır. Bununla yanaşı, ərazidə torpaq işləri görülür.
   Prezident İlham Əliyev hotelin tikintisini əks etdirən videoçarxa baxdı. Dövlət başçısı həmçinin tikintidə istifadə olunan materialların nümunələri, inşası başa çatdırılan kotteclərdən biri ilə tanış oldu. İkimərtəbəli kottec bütün lazımi avadanlıq və məişət əşyaları ilə təmin olunmuşdur. Burada istirahət, yataq otaqları ilə yanaşı, kiçik idman zalı da var.
   Prezident Quba şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
   Dövlət başçısı 1918-ci ildə Qubada ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı tarixinin əbədiləşdirilməsi məqsədilə yaradılan abidə kompleksinin və inzibati binanın tikintisi ilə də tanış olmuşdur. Kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrində tədqiqat işləri aparılmış, 20 kvadratmetr ərazi isə beynəlxalq tədqiqat işləri üçün saxlanılmışdır.
   Prezident İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə də tanış olmuşdur.
   
   İnkişafın göz oxşayan mənzərəsi
   
   Ölkə başçısı Xaçmaz rayonuna səfəri çərçivəsində Heydər Əliyev Seyrəngahında yaradılan şəraitlə tanış olmuşdur. Seyrəngaha Heydər Əliyev bulaq kompleksi, İlham Əliyev bulaq kompleksi, Heydər Əliyev prospektinin giriş qapısı kompleksi daxildir. İlham Əliyev bulaq kompleksində 15 metr hündürlüyündə bir bulaq, üç süni şəlalə və 48 fəvvarə quraşdırılmışdır. Qeyd olundu ki, Heydər Əliyev bulaq kompleksi 2011-ci ilin mayında istifadəyə verilmişdir. Kompleksdə 21 metr hündürlüyündə bulaq, 3 süni şəlalə, 80 fəvvarə quraşdırılmışdır. Kompleksin ərazisində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mozaika ilə portretləri işlənmişdir.
   Prezident Xaçmaz rayonuna səfəri çərçivəsində yenidənqurma işlərindən sonra Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə də tanış olmuşdur.
   
   * * *
   Prezident İlham Əliyev Xaçmazda xalça muzeyinin açılışında iştirak etmişdir. Muzeydə daha çox ölkənin şimal bölgəsi üzrə xalçaçılıq məktəbinin 60-dək nümunəsi sərgilənir.
   Dövlət başçısı Xaçmaz şəhərindəki Şəxsiyyətlər Muzeyi ilə tanış olmuşdur. Muzey 2006-cı ildə yaradılmışdır. O vaxt muzeydə 15 görkəmli şəxsiyyətin büstü var idi. 2010-cu ildə muzey genişləndirilərək yenidən qurulmuşdur. Hazırda iki hektaradək ərazisi olan açıq səma altında muzeydə dahi Nizami Gəncəvinin abidəsi ucaldılmış, Azərbaycanın 39 şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulmuşdur. Muzeydə olan beş fəvvarə yenidən qurulmuş, ərazidə bulaq kompleksi inşa edilmişdir.