Mayın 18-də Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə yay turizm mövsümü üzrə hazırlıqlarla bağlı turizm sənayesinin nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən DTA-nın sədri Fuad Nağıyev ölkəmizdə pandemiyadan sonra turizmin canlanmağa başladığını və bu ilin ilk 4 ayı ərzində gələn xarici vətəndaşların ötən illə müqayisədə 2 dəfə çox olduğunu deyib.
Agentlik sədri statistikada daha ciddi fərqli nəticələrə nail olmaq üçün ənənəvi bazarlarla yanaşı, yeni hədəf bazarlarda təbliğat işini gücləndirməyin əhəmiyyətini diqqətə çatdırıb. O, həmçinin ölkəmizə uçuşların sayının artırılması, daha çox ölkə ilə vizasız gediş-gəliş, sərhədkeçmə prosedurlarının asanlaşdırılması kimi amillərin gəlmə turizmi üçün xüsusilə vacib olduğunu vurğulayıb.
Yay mövsümü üçün İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər kimi Yaxın Şərq ölkələri, eləcə də Hindistan və Pakistan kimi Asiya ölkələrinin hədəf ölkələr seçildiyi, bu ölkələr üzrə aktiv marketinq tədbirlərinin aparıldığı qeyd olunub.
Görüşdə turizm agentlikləri, hotellər və turizm assosiasiyalarından olmaqla 60-dan çox sənaye nümayəndəsi iştirak edib. Tədbirdə sənaye nümayəndələri ilə müzakirələr aparılıb, onların aidiyyəti sualları cavablandırılıb.