Sürətlə inkişaf edən turizm sənayesində yüksək ixtisaslı kadrlara, geniş hazırlıqlı personala tələbat da getdikcə artır. Hazırda turizm təkcə praktik fəaliyyət - səyahət və istirahətin təşkili sahəsi deyil, həm də nəzəri biliklərin yayıldığı, tədqiq olunduğu bir sahədir. Bu baxımdan Azərbaycanda turizm profilli ədəbiyyatın yaradılması, müvafiq nəşrlərin hazırlanması aktual məsələlərdən biridir.
   
   Turizm İnstitutu Rusiyadan 800-dən çox turizm nəşri alıb
   
   Bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi, turizm fəaliyyəti ilə məşğul olan qurumlar tərəfindən son bir il ərzində xeyli iş görülüb. Turizm İnstitutunda da keyfiyyətli tədrisi təşkil etmək üçün tələbələrin müvafiq dərsliklər, elmi ədəbiyyatla təminatına xüsusi diqqət verilir. İnstitutun prorektoru Eldar Aslanovun sözlərinə görə, bu işlər iki istiqamətdə görülür: “Birincisi, qonşu ölkələrdə, xüsusilə Rusiyada, Türkiyədə turizm sahəsində çap olunmuş ədəbiyyatı ölkəmizə gətirməyə çalışırıq. 2011-ci ilin əvvəlində Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə Rusiyadan 800-dən çox turizm nəşri alıb gətirdik. İlin sonuna qədər Türkiyədən 500 adda ədəbiyyat almağı planlaşdırırıq. İşimizin ikinci istiqaməti özümüzün turizmlə bağlı kitablarımızın sayını artırmaqdır. Bu istiqamətdə müəyyən işlər görülüb. Ölkəmizdə ilk dəfə olaraq «Turizm tarixi» adlı dərslik bizim ixtisas kafedramız tərəfindən hazırlanaraq nəşr edilib. Bu yaxınlarda Azərbaycan-Türkiyə İş Adamları Assosiasiyası ilə birlikdə Azərbaycanda turizmin vəziyyəti ilə bağlı hesabatı çap etdik. BMT-nin İnkişaf Proqramı ilə birlikdə turizm sahəsində çalışanlar üçün çox nəfis tərtibatlı bir kitab nəşr etmişik. ATİ-nin Elmi Şurası tərəfindən təsdiq edilən «Turizm sahəsində informasiya texnologiyalarının tətbiqi» ilə bağlı kitabın çap olunması nəzərdə tutulub. Kafedralarımız tərəfindən müxtəlif mövzularda dərsliklər hazırlanıb, hazırda 10-a yaxın kitab üzərində iş gedir. Bu kitablar turizm iqtisadiyyatı, Azərbaycanın turizm coğrafiyası, hotel idarəçiliyi və s. mövzuları əhatə edir. Yəqin ki, ilin sonuna qədər bu sahədə ədəbiyyatlarımızın sayını artıracağıq”.
   Bundan əlavə, il ərzində ATİ tərəfindən çoxlu sayda reklam-çap məhsulları da nəşr edilib: “Sonuncu belə nəşrimiz Turizm İnstitutunun birinci kurs tələbələri üçün yaddaş kitabçasıdır. Bundan əlavə, ATİ-nin 2016-cı ilə qədər olan dövrü əhatə edən strateji planını Azərbaycan və ingilis dillərində çap etmişik. Həmçinin ATİ-nin tanıtımı, Tədris Mərkəzinin keçirdiyi treninqlərlə bağlı bukletlərimiz var».
   Prorektor Bakıda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında turizm haqqında nəşrlərin də nümayiş etdiriləcəyini dedi: «Turizm geniş bir sahədir. Azərbaycanın memarlığı, mədəniyyəti, tarixi, mətbəxi və s. mövzularda kitablar da turizmə aid vəsaitlər hesab olunur. Ona görə də bu sərgi-yarmarka bizim üçün də faydalı olacaq”.    

   Ölkəmizin turizm potensialını təbliğ edən nəşrlər
   
   Mədəniyyət və Turizm Nazirliyi müvafiq müraciətlər olduğu halda turizmlə bağlı nəşrlərin hazırlanmasına dəstək verir. Nazirlik tərəfindən isə daha çox Azərbaycanın turizm potensialının təbliğinə yönəlmiş reklam-çap məhsulları hazırlanır. Nazirliyin Turizm şöbəsinin Turizmin Marketinqi və təbliğatı sektorundan aldığımız məlumata görə, 2011-ci ildə 21 adda reklam-çap məhsulu nəşr edilib. Bunlar Azərbaycan ərazisində fəaliyyət göstərən muzey və teatrlar, tarixi-mədəni abidələrimiz, Bakının kafe və restoranları, hotellər, Azərbaycan xalçaçılıq sənəti, Qobustan qayaüstü abidələri, Qarabağ, Şuşa, ovçuluq turizmi, MİCE - konfrans turizmi, Böyük İpək yolu beynəlxalq turizm marşrutu, «Azərbaycanda 5 gün» turu haqqında məlumatları əks etdirən nəşrlərdir. Bundan əlavə, nazirliyin CD formatında da reklam məhsulları var. «Azərbaycana böyük səyahət» və «Destination Azerbaijan» CD-ləri turistlər tərəfindən böyük maraqla qarşılanır. Mədəniyyət və Turizm Nazirliyi son bir ildə iki fotoalbom da nəşr edib. «Bakı fotoalbomu» və «Azərbaycan fotoalbomu» adlı reklam-çap məhsullarında ölkəmizin təbii gözəlliklərini, tarixi mədəni abidələrimizi, səfalı guşələrimizi əks etdirən fotoşəkillər yer alıb. Həmçinin «Guidebook», «National crafts», «Travel information», «Turistlər üçün məlumat» kitablarını da bu sırada qeyd etmək lazımdır. Bir neçə xarici dildə hazırlanan nəşrlər müxtəlif tədbirlərdə, beynəlxalq turizm sərgilərində ziyarətçilərə təqdim olunur. 
   

   Fəxriyyə Abdullayeva