L. və M.Rostropoviçlərin Ev-Muzeyi 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə bir sıra tədbirlər həyata keçirib.
Xəbər verdiyimiz kimi, mayın 14-də muzeyin təşkilatçılığı ilə “Dəniz Mall”da keçirilən “Klassik musiqi fleşmobu” böyük maraq doğurmuşdu.
Mayın 18-də isə muzeydə “açıq qapı” günü elan olub. Muzeyə gələn qonaqlara üç dildə ekskursiya keçirilib.
Ekskursiyadan sonra ziyarətçilər Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri İ.Kərimli (violin), A.Şirinova (violonçel) və N.Cəfərlinin (fortepiano) ifasında Q.Qarayevin “Fikirli”, M.Musorqskinin “Göz yaşı”, F.Sücəddinovun “Vətən balladası” və s. əsərləri dinləyiblər.
Qonaqlar “Klassik musiqi fleşmobu”nun videogörüntülərini də maraqla izləyiblər.
“Açıq qapı” günü muzeyi Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələri, Elitar gimnaziyanın, 189-190 №li məktəbin şagird və müəllim kollektivi, musiqisevərlər, yerli sakinlər və şəhərin qonaqları ziyarət ediblər.