COVİD-19 pandemiyası səbəbindən 2020-ci ildə keçirilməyən, 2021-ci ildə də məhdud formatda təşkil olunan Kann Beynəlxalq Film Festivalı, nəhayət, ənənəvi təmtəraqla kino ulduzlarını bir araya toplayıb.

Mayın 17-də açılışı keçirilən 75-ci Kann Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına 21 film daxildir.

Fransalı aktyor və rejissor Vinsent Lindonun sədrlik etdiyi münsiflər heyətində rejissorlar – Əsgər Fərhadi (İran), Ceff Nikols (ABŞ), Yoakim Trier (Norveç) və Ladj Ly (Fransa), aktrisalar – britaniyalı Rebecca Hall, hindistanlı Deepika Padukone, isveçli Noomi Rapace, italyan Jasmine Trinca yer alıblar.

Maraqlıdır ki, festivalın münsiflər heyətinin yarısı qadınlar olmaqla bərabər, müsabiqə proqramındakı filmlərin də yarıdan çoxu – 11-i xanım rejissorlar tərəfindən çəkilib.

75-ci Kann Film Festivalının açılış mərasiminin fəxri qonağı amerikalı aktyor, rejissor və prodüser Forest Vitaker olub. Ona festivalın fəxri “Palma budağı” mükafatı təqdim olunub. Amerikalı rejissorun Kristof Kastan və Tomas Sametin ilə birlikdə çəkdiyi “Sülh naminə” son filmi mayın 18-də xüsusi proqramda nümayiş olunub.

Festivalın əsas proqramının açılışı filmi isə fransalı rejissor Mişel Xazanaviçusun “Son montaj” zombi-komediyası olub.

Festival mayın 28-dək davam edəcək.

V.Kamal