Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 18-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən bildiriblər ki, Ceyhun Bayramov Azərbaycanla İCESCO arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu qeyd edərək 2021-ci ilin yanvarında baş direktorun rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizin azad olunmuş ərazilərinə səfərini xüsusi vurğulayıb. Bildirib ki, İCESCO Azərbaycanın işğaldan azad edilən ərazilərinə nümayəndə göndərən ilk beynəlxalq təşkilatdır. Ceyhun Bayramov, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəklədiyini diqqətə çatdırıb.
Nazir hazırda azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən tarixi, dini və mədəni abidələrin ilkin inventarlaşdırılması və mühafizəsi tədbirlərindən söhbət açıb.
Salim bin Məhəmməd əl-Malik Azərbaycanın İCESCO-nun fəaliyyətini hər zaman dəstəklədiyini vurğulayıb və ölkəmizin təşkilatın işinə verdiyi töhfəni təqdir edib. Bu dəfə Şuşa şəhərində təşkil olunan konfransda iştirak etmək üçün ölkəmizə gəldiyini deyən baş direktor, həmçinin yaxın günlərdə İCESCO-nun xüsusi missiyasının Azərbaycanın azad olunmuş ərazilərinə səfər edəcəyini söyləyib. O, bu səfəri çərçivəsində Azərbaycanda təşkilatın regional ofisinin açılışı ilə bağlı müvafiq sənədin imzalanacağını da məmnunluqla qeyd edib.
Görüşdə İCESCO-Azərbaycan əməkdaşlığının perspektivləri, o cümlədən gənclərin iştirakı ilə sülh gündəliyini təşviq edən müxtəlif proqramların həyata keçirilməsi, təhsil sahəsində əməkdaşlıq, habelə tarixi-mədəni abidələrin qeydiyyatının aparılması və digər məsələlər barədə söhbət açılıb.