Mayın 27-də Heydər Əliyev Sarayında Vətən müharibəsi veteranların iştirakı ilə musiqili-bədii gecə keçiriləcək.
Nərmin İsgəndərovanın layihəsi əsasında, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbir xeyriyyə məqsədi daşıyır. Əldə olunacaq vəsait YAŞAT Fonduna ianə olunacaq.
Tədbirdə iştirak edəcək Vətən müharibəsi veteranları Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarıdır. Onların arasında musiqiçi, aktyor, rejissor, teatrşünas, rəssam və başqa sənət sahibləri var.
Gecədə Azərbaycan Dövlət Filarmoniyası Xalq Çalğı Alətləri Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Hava Qüvvələri Orkestri və tanınmış sənət xadimləri, eləcə də ADMİU-nun tələbə heyəti çıxış edəcək.