Aydın İsmiyev: «İlin sonuna qədər daha çox işlərin həyata keçirilməsi nəzərdə tutulur»
2011-ci ilin ölkə başçısı tərəfindən “Turizm ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının icrasına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi bir sıra işlər görüb.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev nazirliyin yay turizm mövsümünün yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib. Onun sözlərinə görə, sənədin icrasına uyğun olaraq ilk növbədə “Turizm ili”nin loqosu təsdiq olunub və ölkəmizdə fəaliyyət göstərən bütün turizm nümayiş obyektlərinin qarşısında loqonu və ilin devizini əks etdirən bayraqlar yerləşdirilib. İsmayıllı və Quba rayonlarında gənclər və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Bu Vətən bizimdir” adlı turist düşərgələri təşkil edilib. Nabranda yerləşən “Atlant” istirahət mərkəzində əlil uşaqlar və valideynlərinin səyahəti təşkil edilib və ilin sonunadək bu proses davam etdiriləcək.
A.İsmiyev bildirib ki, Azərbaycanın turizm imkanlarını təbliğ etmək məqsədi ilə 2011-ci ilin yanvarından bu günədək Mədəniyyət və Turizm Nazirliyi 14 beynəlxalq turizm sərgisində (Vyana, Ştuttqart, Helsinki, İstanbul, Riqa, Milan, Berlin, Moskva - 3 dəfə, Əl-Küveyt, Dubay, Seul, Paris) iştirak edib. İlin sonuna qədər isə Kiyev və Londonda keçirilən sərgilərdə iştirak nəzərdə tutulur.
Nazirliyin həyata keçirdiyi əsas tədbirlərdən biri də beynəlxalq mədəni turizm marşrutları vasitəsilə Azərbaycanın turizm bazarının beynəlxalq turizm bazarına inteqrasiya etməsidir. Şöbə müdiri bununla bağlı həyata keçirilən tədbirlərdən danışarkən deyib ki, Avropa Şurasının Kiyev təşəbbüsü layihəsi çərçivəsində “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolları” və “İpək Yolu” beynəlxalq mədəni turizm marşrutları, “Alman yaşayış məskənləri” adlı beynəlxalq layihələr işlənir. “Şərab turizmi” layihəsi çərçivəsində İsmayıllıda şərab festivalının keçirilməsi planlaşdırılır.
Turizm sahəsində çalışanların sayı artır
Bu ilin yanvar ayından nazirlik tərəfindən 23 turizm şirkətinə turizm fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verildiyini deyən A.İsmiyev 2010-cu ilin rəsmi statistik məlumatlarına əsasən Azərbaycanda turizm sahəsində çalışan işçilərin sayının 7439 nəfər təşkil etdiyini də diqqətə çatdırdı.
Şöbə müdirinin sözlərinə görə, yay turizm mövsümündə Azərbaycanın bölgələri üzrə yerləşdirmə obyektlərinin yüklənmə faizi və turistlərə təklif olunan xidmətlərlə qiymətlərin uyğunluğunun öyrənilməsi ilə bağlı təmsil etdiyi qurumun mütəxəssisləri şimal, şimal-qərb, cənub və qərb bölgələrinə həm yay mövsümü öncəsi, həm də mövsümün sonunda ezam olunub: «Məlum olub ki, Azərbaycanın şimal bölgəsi üzrə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin yüklənmə faizi həftəarası 30-40%, həftəsonu 100%, şimal-qərb bölgəsi üzrə yüklənmə faizi həftəarası 30%, həftəsonu 80% və cənub bölgəsi üzrə yüklənmə faizi həftəarası 40%, həftəsonu 100%, qərb bölgəsi üzrə isə həftəarası 20-30%, həftəsonu 80-90 % səviyyəsindədir. Müşahidələrimiz əsasında deyə bilərik ki, yüksək dolma faizləri ilə fəaliyyət göstərən obyektlər düzgün iş quraraq, ya müvafiq şirkətlərlə müqavilə bağlayıblar, ya da qiymətlərdə müəyyən endirim ediblər».
Turizm obyektlərində qiymət və xidmət
Şöbə müdiri turizm obyektlərində təklif edilən qiymətlərlə bağlı da məlumat verib. Onun sözlərinə görə, şimal regionu üzrə 1 nəfər üçün qiymətlər 10-75 manat, şimal-qərb regionu üzrə 15-80 manat, cənub regionu üçün 15-50 manat, qərb regionu üçün isə 10-50 manat arasında dəyişir: «Bu məbləğə səhər yeməyi, bir çox hallarda isə gündə 3 dəfə yemək daxildir. Ümumilikdə götürdükdə, cari yay turizm mövsümündə qiymətlərin 15 % ucuzlaşması müşahidə olunub. Baxış keçirilən bölgələrdə fəaliyyət göstərən yerləşdirmə obyektlərindən şimal regionu üzrə 36%, cənub üzrə 30%, şimal-qərb üzrə 58%, qərb üzrə isə 40% müasir dövrün tələblərinə və müvafiq standartlara cavab verir».
A.İsmiyev qeyd edib ki, bu il yay turizm mövsümündə turizm obyektlərinə turist axını cəmi 50 gün təşkil edib və mövsüm ərzində ölkə daxilində istirahət edənlərin sayı 167.959 nəfər, Azərbaycandan həmin dövr ərzində istirahətə gedənlərin sayı isə Azərbaycan Hava Yolları Şirkəti, “Turan Air” şirkəti və turizm şirkətlərinin məlumatına əsasən 34.617 nəfər təşkil edib.
Fəxriyyə Abdullayeva