Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa İli” çərçivəsində “Qarabağ” muğam qrupunun konserti olub.
Azərbaycanın Fransadakı Səfirliyi və UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən konsertdə Parisdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri, diaspor və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Konsertdən əvvəl Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmasından söz açıb, 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edildiyini diqqətə çatdırıb. Bildirib ki, Qarabağın tacı Şuşanın otuz ilə yaxın sürən işğaldan sonra azad edilməsi Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsinin zirvəsi idi. Qeyd olunub ki, Azərbaycan xalq musiqisinin inkişafında Şuşa şəhərində yetişən xanəndə və musiqişünasların müstəsna xidmətləri olub. Şuşanın xanəndələri bütün Qafqazda, Mərkəzi Asiyada, Yaxın və Orta Şərq ölkələrində məşhur olan muğam ifaçılığı məktəbi yaradıblar. Bu gün də muğam ifaçılarımız bu sənəti dünyada tanıdırlar.
Sonra Xalq artisti, xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun konserti təqdim olunub. Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança), Əməkdar artist Kamran Kərimovun (nağara) müşayiəti ilə Mənsum İbrahimov və muğam müsabiqəsinin qalibi Gülzar Fərəcova “Rast”, “Bayatı-Şiraz”, “Segah” muğamlarından parçalar, “Azərbaycan gözəli”, “Şuşanın dağları”, “Qarabağ”, “Yaşa, mənim xalqım!” mahnılarını ifa ediblər. “Uşaq Avroviziya – 2021” müsabiqəsinin iştirakçısı Sona Əzizova “Şuşam mənim” mahnısını oxuyub.
Parisdə koronavirus pandemiyasından sonra ilk muğam konsertini dinlədik. Konsert möhtəşəm idi.
Bu fikirləri konsertdən sonra Fransanın Azərbaycandakı sabiq səfiri Jan-Pyer Günyüt AZƏRTAC-a müsahibəsində söyləyib.
Azərbaycanda çalışdığı vaxtlarda öz iqamətgahında tez-tez muğam konsertləri təşkil etdiyini bildirən diplomat deyib: “Muğamı çox sevirəm. Muğam ən qədim və çətin, eləcə də mürəkkəb musiqidir. Muğam dünya musiqisinin incisi, özəyidir. Hindistandan tutmuş Mərakeşə qədər bütün ölkələrdə muğam ifa olunur. Ancaq muğam yalnız Azərbaycanda akademikləşdirilib, yəni elmi əsasda nəsildən-nəslə ötürülür...”.