Bakı Xoreoqrafiya Akademiyasında (BXA) akademiyanın konsertmeysteri, tanınmış fortepiano ifaçısı, pedaqoq Sevda Axundovanın klassik, xalq-səhnə və Azərbaycan rəqslərinin musiqi tərtibatını əks etdirən kompakt disklərinin təqdimatı və sinif konserti keçirilib. Kompakt diskləri Azərbaycanda xoreoqrafiya sahəsində ilk dəfə ərsəyə gətirilib.
Təqdimatda BXA-nın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadə, akademiyanın müəllim və tələbə heyəti, eləcə də Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Teymurova, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
BXA-nın rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmmədzadə iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Sevda Axundovanın bu təşəbbüsündən xoreoqrafiya sənətində çalışan hər kəs bəhrələnəcək. N.Məmmədzadə Sevda Axundovaya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Gülnar Verdiyeva, BXA-nın tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova, akademiyanın aparıcı müəllimi, Əməkdar incəsənət xadimi Rimma Məmmədova çıxış edərək Sevda Axundovanın peşəkar keyfiyyətlərindən söz açıb, onun Azərbaycan xoreoqrafiya təhsili tarixində etdiyi yeniliyi alqışlayıblar.
Sonra BXA-nın tam orta təhsil pilləsinin şagirdləri və bakalavr pilləsi üzrə təhsil alan tələbələrinin ifasında Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri təqdim olunub.
P.Çaykovskinin “Şelkunçik” baletindən variasiya, F.Əmirovun “Takkada”, “Heyratı” zərbi-muğamı, A.Skryabinin “Etüd”, Ə.Mustafazadənin “Əks-səda”, Q.Qarayevin simfonik qravürlərindən “Səyahət”, C.Hacıyevin “Ballada”, eləcə də Sevda Axundovanın xalq rəqsləri üzərində tərtib etdiyi rəqs variasiyaları müəllifin fortepianoda müşayiəti ilə təqdim edilərək alqışlarla qarşılanıb.
Sonda kompakt disklər BXA-nın əməkdaşlarına və qonaqlara hədiyyə olunub.