Sentyabrın 27-də Dünya Turizm Günü münasibətilə Azərbaycan Turizm İnstitutunda da geniş proqramlı tədbir keçirilib. İnstitutun Turizmin təşkili və idarə edilməsi fakültəsinin dekanı Nəsir Nəsirli çıxış edərək, BMT-nin Dünya Turizm Təşkilatının yaranma tarixindən, fəaliyyətindən danışıb. Bildirib ki, 1925-ci ildən Cenevrədə fəaliyyət göstərən təşkilat 1970-ci il sentyabrın 27-də indiki adı ilə beynəlxalq miqyaslı struktur şəklində formalaşıb. 1979-cu ildən baş qərargahı Madrid şəhərinə köçən təşkilat sentyabrın 27-ni Dünya Turizm Günü kimi təsis edib. Bu il Dünya Turizm Günü “Turizm - mədəniyyətləri birləşdirən vasitə” devizi altında qeyd olunur.
   ATİ-nin kafedra müdiri Bahadur Bilalov Azərbaycanın turizm potensialı, iqtisadiyyatı, bu prioritet sahənin perspektivlərindən söz açıb. Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı təmsilçiliyinin ictimai informasiya üzrə nümayəndəsi xanım Envera Selimoviç tələbələri bayram münasibətilə təbrik edərək, BMT-nin baş katibi Ban Ki-Moonun beynəlxalq ictimaiyyətə müraciətini oxuyub.
   Tədbir konsert proqramı ilə başa çatıb. Həmçinin tələbə-fotoqrafların Azərbaycan turizminin inkişafını əks etdirən fotoşəkilləri sərgilənib. 
   

   Fəxriyyə Abdullayeva