Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 75 illiyi münasibətilə “Yaradıcılıq ömrünün səhifələri” adlı film hazırlanıb. Mayın 20-də ABİ-nin konfrans zalında filmin nümayişi oldu.

Tədbirdə çıxış edən Firəngiz Əlizadə diqqətə çatdırdı ki, filmdə yer alan kadrlar  müxtəlif illərdə fərqli ölkələrdə lentə alınıb. Qeyd etdi ki, səfər və konsertlərinin lentə alınması ideyasını ona 1980-ci illərdə çağımızın görkəmli alim və yazıçısı, akademik Kamal Abdulla verib: “Bundan sonra həyat yoldaşım Cahangir həmin foto və video materialları toplamağa başladı. Bəlkə də 10 saatlıq material var...”.

Xalq artisti bildirdi ki, filmi nümayiş etdirməkdə məqsəd gənc musiqiçilərimizi məlumatlandırmaqdır: “Hərdən deyilir ki, gənclərimiz arasında Azərbaycan musiqisinə maraq yoxdur. Bu qəbuledilməzdir. Azərbaycan sənətkarları dünya miqyasında tanınıb. Azərbaycan bəstəkarlıq məktəbi həmişə yüksək səviyyədə olub. Bu gün də yeni əsərlər yaranmaqdadır. Bütün bunlara diqqət yetirmək, qulaq asmaq və yüksək səviyyədə dinləyiciyə çatdırmaq lazımdır. Qoy gənclərimiz bunları bilsin və musiqiyə həvəs, maraq göstərsinlər”.

ABİ-nin sədri onu da qeyd etdi ki, filmdə xüsusilə ABŞ, Avstriya, Almaniya, Estoniya, İngiltərə, Fransa kimi ölkələrin konsert salonlarında əsərlərinin ifasının lent yazıları yer alıb. Bu ölkələrin görkəmli bəstəkar və musiqiçiləri sənətkarın yaradıcılığı haqqında öz fikirlərini bildiriblər.

S.Fərəcov