Xəbər verdiyimiz kimi, əslən Bakıdan olan, hazırda Londonda yaşayan dünya şöhrətli skripka ifaçısı, dirijor Dmitri Sitkovetski bu günlərdə paytaxtımızda olub. Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 15-20 may tarixində Bakıda “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər keçirilib.

Mayın 15-17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Dmitri Sitkovetski ilə görüşlər” layihəsi çərçivəsində görkəmli sənətkarın ustad dərsləri olub. Ustad dərslərinə BMA-nın, Milli Konservatoriya nəzdində A.Zeynallı adına  Musiqi Kollecinin tələbələri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri qatılıblar.

D.Sitkovetski onlarla ifaçılıq sənətinin sirlərini bölüşüb, ifa zamanı texniki çətinliklərin necə aradan qaldırılması yollarını göstərib. O, həmçinin istənilən bəstəkarın fərdi yaradıcılıq üslubuna yaxından bələd olub, sonra öyrəndiklərini ifaya tətbiq etməyi tövsiyə edib.

Mayın 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Dmitri Sitkovetski ilə görüş keçirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova məşhur musiqiçinin sənət yolu haqqında danışıb.

Sonra Dmitri Sitkovetski açıq mühazirə ilə çıxış edib. O, mühazirəsində dünyanın ən məşhur skripka ifaçıları, onların sənətdə olan əzəməti, mövqeyi haqqında qiymətli məlumatlar verib, nadir audioyazıları təqdim edib. D.Sitkovetski mühazirədən sonra iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, Dmitri Sitkovetski Bakıda musiqiçi ailəsində anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi istedadlar üçün açılmış məktəbdə ilk musiqi təhsili almış pianoçu, qocaman sənətkar Bella Davidoviç və skripka ifaçısı Yulian Sitkovetskinin oğludur.