“Şuşa İli” və Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyi çərçivəsində Strasburqda “Qarabağ” muğam qrupunun konserti keçirilib.
Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyinin və UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə Strasburqun mərkəzindəki Sen Pyer-lö-Jön kilsəsində gerçəkləşən tədbirdə təşkilatın rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyət, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Konsertdən əvvəl çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi münasibətilə dünyanın bir çox yerlərində silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. Daimi nümayəndə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsinin xalqımızın qürur və şərəf dolu zəfər tarixi olduğunu, hazırda bu qədim şəhərin yeni intibah dövrünə qədəm qoyduğunu vurğulayıb. F.İsmayılov bu il Azərbaycanın UNESCO-ya üzvlüyünün 30-cu ilinin tamam olmasından da söz açıb.
Konsertdə Xalq artisti, ustad xanəndə Mənsum İbrahimov və gənc xanəndə Gülzar Fərəcova Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiətində Azərbaycan xalq mahnıları, təsniflər və muğam nümunələrini ifa ediblər.
“Junior Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi olmuş Sona Əzizova “Şuşam mənim” və “O günlərdən biri” mahnılarını oxuyub.